AnalitikaGündəmSosial

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü: Milli kimliyimizin və mənəvi sərvətimizin rəmzi

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və milli kimliyinin əsas sütunlarından biri olan ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan dili xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin mədəniyyətin, ədəbiyyatın, elmin və dövlətçilik tarixinin daşıyıcısıdır. Ana dilimiz milli varlığımızın, mənəvi irsimizin və milli birliyimizin əsas rəmzlərindən biridir. Məhz buna görə də Azərbaycan dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi və cəmiyyətin bütün sahələrində tətbiqinin genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına hər zaman xüsusi diqqət yetirmişdir. Onun təşəbbüsü ilə 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm tarixi hadisə idi. Müstəqillik illərində də Ulu Öndər ana dilimizin inkişafı, latın qrafikalı əlifbaya keçidin sürətləndirilməsi və dövlət dilinin nüfuzunun artırılması üçün ardıcıl addımlar atmışdır.

2001-ci il 9 avqust tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış Fərmana əsasən, hər il 1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqinin təmin olunması, Azərbaycan dilinin zənginliyinin qorunması və gələcək nəsillərdə ana dilinə hörmət hissinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün Prezident İlham Əliyev tərəfindən Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurla davam etdirilir. Dövlət dilinin tətbiqi sahəsində qanunvericilik bazası daha da təkmilləşdirilir, Azərbaycan dilinin saflığının qorunması, informasiya məkanında düzgün istifadəsinin təmin olunması və dilimizin beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər görülür. Eyni zamanda, rəqəmsal texnologiyalar dövründə Azərbaycan dilinin elektron resurslarının zənginləşdirilməsi, terminologiyanın inkişaf etdirilməsi və ana dilində keyfiyyətli informasiya məkanının formalaşdırılması daim diqqət mərkəzində saxlanılır.

Ana dili hər bir xalqın milli sərvəti, onun tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Azərbaycan dili əsrlər boyu böyük şair və mütəfəkkirlərimizin yaradıcılığı ilə daha da zənginləşmiş, Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Səməd Vurğun və digər görkəmli söz ustalarının əsərlərində öz yüksək bədii ifadəsini tapmışdır. Bu zəngin irs bu gün də milli-mədəni kimliyimizin əsas dayaqlarından biri kimi yaşayır.

Qloballaşma şəraitində ana dilinin qorunması hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin Azərbaycan dilini düzgün, səlis və zəngin şəkildə mənimsəməsi, dilimizin saflığını qoruması, xarici sözlərdən yersiz istifadədən çəkinməsi milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizə ehtiramın, milli kimliyimizə bağlılığın və dövlətçilik ənənələrimizə sədaqətin ifadəsidir. Bu əlamətdar gün hər bir azərbaycanlını ana dilimizi qorumağa, onun zənginliyini yaşatmağa və gələcək nəsillərə daha da inkişaf etmiş şəkildə ötürməyə çağırır. Çünki Azərbaycan dili yalnız ünsiyyət vasitəsi deyil, xalqımızın tarixi yaddaşı, milli ruhu və müstəqil dövlətimizin ən böyük mənəvi sərvətlərindən biridir.

Ariz Məmmədli,
YAP Xətai Rayon Təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button