AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Xalq və ordu birliyi – qələbənin əsas gücü

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbənin əsas amillərindən biri xalq və ordu birliyi oldu. Müharibə günlərində cəmiyyətin bütün təbəqələri vahid amal ətrafında birləşərək dövlətimizin və ordumuzun yanında dayandı. Bu birlik milli həmrəyliyin, vətənpərvərliyin və dövlətə sədaqətin parlaq nümunəsinə çevrildi.

Azərbaycan xalqı tarix boyu çətin sınaqlarla üzləşsə də, milli maraqlar naminə birləşmək bacarığını qoruyub saxlamışdır. Vətən müharibəsi zamanı bu xüsusiyyət bir daha özünü göstərdi. İnsanlar cəbhədə döyüşən hərbçilərimizə mənəvi dəstək verir, arxa cəbhədə müxtəlif təşəbbüslərlə iştirak edir, şəhid ailələrinə və müharibədən zərər çəkən insanlara yardım göstərirdilər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi xalqın orduya inamını daha da gücləndirdi. Dövlət başçısının çıxışları və müraciətləri cəmiyyətdə ruh yüksəkliyinin qorunmasına, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edirdi. Xalqın liderinə, ordusuna və dövlətinə olan inamı qələbə əzmini daha da artırdı.

Müharibə dövründə nümayiş etdirilən birlik yalnız döyüş meydanında deyil, informasiya müstəvisində də özünü göstərdi. Azərbaycan vətəndaşları ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılması, milli maraqların müdafiəsi və dezinformasiyaya qarşı mübarizədə fəal mövqe nümayiş etdirdilər. Bu həmrəylik dövlətimizin informasiya təhlükəsizliyi baxımından da əhəmiyyətli idi.

Bu gün xalq və ordu birliyi Azərbaycanın ən böyük güclərindən biridir. Zəfər Günü bizə xatırladır ki, dövlətin qüdrəti yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də vətəndaşların birliyi və milli həmrəyliyi ilə ölçülür. Bu birliyi qorumaq, gələcək nəsillərə ötürmək və ölkəmizin inkişafı naminə birgə çalışmaq hər birimizin vəzifəsidir.

Elnarə Hümmətova,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 43a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button