
yalnız təqvimdə bir tarix deyil, bütöv bir xalqın yaddaşına, qüruruna və taleyinə çevrilir. 8 Noyabr – Şuşa Şəhəri Günü də məhz belə əlamətdar tarixlərdəndir. Bu gün xalqımızın qəhrəmanlığını, birliyini, milli iradəsini və torpaqlarımıza bağlılığını təcəssüm etdirir. Şuşanın azad edilməsi Azərbaycanın çoxəsrlik tarixində yeni bir səhifə açaraq xalqımıza böyük sevinc və qürur yaşatdı.
Şuşa Azərbaycanın ən qədim və zəngin tarixə malik şəhərlərindən biridir. Qarabağın dilbər guşəsində yerləşən bu şəhər özünəməxsus təbiəti, füsunkar mənzərələri, tarixi abidələri və zəngin mədəni irsi ilə hər zaman seçilib. Şuşa təkcə coğrafi məkan deyil, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, musiqisinin, ədəbiyyatının və incəsənətinin beşiyidir. Məhz buna görə də Şuşanı xalqımızın mədəniyyət xəzinəsi adlandırmaq tamamilə doğrudur.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şuşanı işğaldan azad etdi. Bu qələbə 44 günlük Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən biri oldu. Şuşanın azad edilməsi mürəkkəb relyef şəraitində, böyük hərbi peşəkarlıq və misilsiz qəhrəmanlıq hesabına həyata keçirildi. Azərbaycan əsgərinin cəsarəti, iradəsi və Vətən sevgisi bütün dünyaya sübut etdi ki, xalqımız öz torpaqlarını heç zaman unutmur və onun azadlığı uğrunda hər cür fədakarlığa hazırdır.
Şuşanın azad edildiyi gün Prezident İlham Əliyev xalqa müraciətində tarixi sözlərini səsləndirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu sözlər illər boyu Vətən həsrəti ilə yaşayan insanların qəlbində böyük sevinc yaratdı. Həmin an yalnız bir şəhərin azadlığı deyil, milli qürurumuzun, tarixi ədalətin və dövlətimizin gücünün təntənəsi idi.
Prezident İlham Əliyev Şuşanın azad olunmasından sonra ulu öndər Heydər Əliyevin məzarını ziyarət edərək ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Dövlət başçısının “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri bu qələbənin həm siyasi, həm də mənəvi əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu, eyni zamanda, xalqımızın illərlə gözlədiyi tarixi ədalətin bərpası idi.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi yaşayacaq. Şuşanın azad olunması ilə bağlı Prezident İlham Əliyevin vurğuladığı kimi, bu tarixi qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldı. Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını nümayiş etdirdi. Şuşanın azad edilməsi Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadı və xalqımızın yaddaşında əbədi yer tutdu.
Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi şəhərin tarixi və mənəvi əhəmiyyətinə verilən yüksək qiymətdir. 2021-ci il mayın 7-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edildi. Bu qanun Şuşanın ölkənin mədəni həyatında xüsusi mövqeyini, tarixi-mədəni irsinin qorunmasını və gələcək nəsillərə çatdırılmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Şuşa Azərbaycan mədəniyyətinə bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Mir Möhsün Nəvvab kimi sənətkarların adı bu şəhərlə bağlıdır. Şuşa musiqimizin, muğam sənətimizin, poeziyamızın inkişafında əvəzsiz rol oynayıb. Burada formalaşan musiqi mühiti Azərbaycan mədəniyyətinin zənginləşməsinə böyük töhfələr verib.
2022-ci ilin Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi də şəhərin milli tariximizdəki müstəsna yerinin göstəricisi oldu. İl ərzində ölkəmizdə və xaricdə Şuşanın tarixi, mədəniyyəti, incəsənəti və azadlıq mübarizəsi ilə bağlı çoxsaylı tədbirlər keçirildi. Bu təşəbbüs Şuşanın tanıdılması, onun zəngin irsinin təbliği və beynəlxalq səviyyədə mədəniyyət mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm addım idi.
Şuşanın azad edilməsindən sonra şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşaya ilk səfəri zamanı Cıdır düzündə oldu. Bu səfər azad edilmiş şəhərin dirçəldilməsi istiqamətində həyata keçiriləcək işlərin başlanğıcının rəmzinə çevrildi.
2021-ci il mayın 12-13-də Prezident İlham Əliyevin Şuşaya növbəti səfəri zamanı şəhərin enerji təminatının yaxşılaşdırılması məqsədilə 110/35/10 kilovoltluq “Şuşa” yarımstansiyasının açılışı oldu. “Xarıbülbül” hotelinin yenidənqurmadan sonra istifadəyə verilməsi, Xan qızı Natəvanın sarayının və “Xan qızı” bulağının ətrafında aparılan işlər, Şuşa Yaradıcılıq Mərkəzinin və Rəsm Qalereyasının bərpası istiqamətində görülən tədbirlər şəhərin əvvəlki şöhrətinin qaytarılmasına xidmət edirdi.
Həmin səfər çərçivəsində Şuşada yeni məscidin və 1 saylı ümumtəhsil məktəbinin təməli qoyuldu. Yuxarı Gövhərağa məscidində aparılan bərpa işləri ilə tanışlıq keçirildi. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının yenidən təşkili isə Şuşanın mədəni həyatına qayıdışının ən gözəl nümunələrindən biri oldu. Uzun illər səssizliyə qərq edilmiş Cıdır düzü yenidən musiqinin, sənətin və milli ruhun ünvanına çevrildi.
2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı Zəfər yolunun açılışı həyata keçirildi. Bu yol yalnız şəhərə aparan nəqliyyat infrastrukturu deyil, həm də xalqımızın qələbəyə gedən yolunun rəmzidir. Səfər zamanı Daşaltı məscidinin, Şuşa Radio-Televiziya Yayım Stansiyasının və Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu. Aşağı Gövhər Ağa, Yuxarı Gövhər Ağa və Saatlı məscidlərində, eləcə də Mehmandarovların malikanə kompleksində aparılan bərpa işləri ilə tanışlıq oldu. Topxana meşəsində və Cıdır düzündə ağacəkmə mərasimlərinin keçirilməsi şəhərin ekoloji mühitinin qorunmasına verilən diqqətin göstəricisi idi.
Prezident İlham Əliyev 2021-ci il dekabrın 24-də və 2022-ci il sentyabrın 27-28-də də Şuşaya səfər edərək burada görülən işlərlə yaxından maraqlandı. Yuxarı Gövhərağa məscidinin ziyarəti, yeni yaşayış kompleksinin, hotel və konfrans mərkəzinin tikintisi, Mehmandarovların malikanə kompleksinin bərpası, məktəb binasının inşası və digər layihələr şəhərin hərtərəfli inkişafına xidmət edirdi. Şuşada müasir yaşayış və ictimai infrastrukturun yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı üçün mühüm şərait formalaşdırırdı.
2023-cü il avqustun 23-də Azərbaycan və Özbəkistan prezidentlərinin və xanımlarının Şuşaya səfəri şəhərin beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər Şuşanın yalnız Azərbaycanın deyil, regionun mühüm mədəniyyət və diplomatiya mərkəzlərindən birinə çevrildiyini göstərdi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndinin ərazisinə baxış keçirdi. Bu diqqət işğaldan azad edilmiş kəndlərin də bərpasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu təsdiqləyirdi.
2024-cü il iyulun 20-də Şuşada “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi. Dünyanın müxtəlif ölkələrindən media nümayəndələrinin iştirak etdiyi bu forum Şuşanın beynəlxalq informasiya və fikir mübadiləsi məkanına çevrildiyini göstərdi. Şəhərin belə mühüm tədbirlərə ev sahibliyi etməsi onun yeni inkişaf mərhələsinin göstəricisidir.
2025-ci il sentyabrın 15-16-da Prezident İlham Əliyevin Şuşaya səfəri zamanı bir sıra mühüm görüşlər və tədbirlər həyata keçirildi. ICESCO-nun Baş direktorunun və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin qəbulu, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Şuşaya səfəri və burada keçirilən görüşlər şəhərin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli idi.
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin prezidentləri Şuşada Azərbaycanın tanınmış şəxsiyyətlərinin güllələnmiş heykəllərinə baxdılar, Milli Xalça Muzeyinin Şuşa filialında oldular və Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış oldular. Cıdır düzündə Qarabağ atlarının şousunun izlənilməsi isə milli mədəniyyətimizin və ənənələrimizin təbliği baxımından xüsusi əhəmiyyət daşıyırdı. Bu səfər Şuşanın tarixi irsinin, milli dəyərlərinin və müasir inkişafının beynəlxalq səviyyədə təqdim olunmasına töhfə verdi.
Şuşanın dirçəldilməsi istiqamətində həyata keçirilən işlər 2026-cı ildə də uğurla davam etdirilir. İyulun 11-də Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış oldu, doğma yurdlarına qayıdan sakinlərlə görüşdü. Bu görüşlər Böyük Qayıdış proqramının real nəticələrini əks etdirir. İnsanların illər sonra doğma torpaqlarına qayıtması, öz evlərində yaşamağa başlaması Şuşanın və bütövlükdə Qarabağın dirçəlişinin ən sevindirici məqamlarındandır.
Həmin səfər zamanı tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışı keçirildi. Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilən işlərlə tanışlıq oldu, “Yasəmən” hotelinin yeni korpuslarına baxış keçirildi. Bütün bunlar şəhərin turizm imkanlarının genişləndirilməsi, tarixi memarlıq irsinin qorunması və müasir yaşayış mühitinin yaradılması istiqamətində görülən işlərin davamıdır.
Bu gün Şuşa yenidən qurulur, tarixi abidələri bərpa edilir, küçələri abadlaşdırılır, məktəblər, mədəniyyət ocaqları, hotellər və digər sosial obyektlər istifadəyə verilir. Vaxtilə dağıdılmış və talan edilmiş şəhər öz əvvəlki görkəmini bərpa etməklə yanaşı, müasir Azərbaycanın inkişaf edən şəhərlərindən birinə çevrilir. Şuşanın hər bir küçəsi, hər bir tarixi abidəsi xalqımızın keçmişini və gələcəyə olan inamını özündə yaşadır.
Şuşanın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığını heç vaxt unutmamalıyıq. Onların fədakarlığı, qazilərimizin şücaəti və Azərbaycan Ordusunun misilsiz rəşadəti sayəsində bu gün Şuşada üçrəngli bayrağımız dalğalanır. Bizim borcumuz onların əziz xatirəsini daim yaşatmaq, Vətənimizi qorumaq və gələcək nəsillərə azad, güclü Azərbaycan miras qoymaqdır.
Əziz Şuşa! Sən xalqımızın qürur mənbəyi, milli kimliyimizin ayrılmaz parçası, Zəfərimizin əbədi rəmzisən. Sənin azadlığın Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və ordumuzun qəhrəmanlığının təntənəsidir. Bu gün Şuşada yenidən musiqi səslənir, həyat qaynayır, insanlar doğma yurdlarına qayıdır. Şuşa öz tarixi şöhrətinə qovuşur və gələcəyə inamla addımlayır.
8 Noyabr – Şuşa Şəhəri Günü münasibətilə hər bir azərbaycanlını bu möhtəşəm Zəfər münasibətilə təbrik edir, torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.
Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycand
Hökmalı Mirzəyev
YAP Hacıqabul rayon təşkilatının sədr müavini



