AnalitikaGündəmSiyasət

Zəfər Günü – Azərbaycan xalqının qürur və birlik tarixidir

8 Noyabr Azərbaycan xalqının tarixində ən əlamətdar və unudulmaz günlərdən biridir. Bu gün xalqımızın milli birliyini, vətənpərvərliyini, əzmini və qəhrəmanlığını təcəssüm etdirən Zəfər Günü kimi qeyd olunur. Zəfər Günü Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı, xalqımızın qürur və iftixar mənbəyidir.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam etmiş və noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi ilə tarixi dönüş nöqtəsinə çevrilmişdir. Şuşanın azad olunması Azərbaycan Ordusunun hərbi qüdrətini, əsgər və zabitlərimizin cəsarətini, xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirmişdir.

Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin fədakarlığı və qazilərimizin göstərdiyi şücaət xüsusi yer tutur. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Onların göstərdiyi igidlik gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.

Zəfər Günü yalnız hərbi Qələbənin deyil, həm də milli həmrəyliyin, xalq-dövlət birliyinin və tarixi ədalətin rəmzidir. Bu Qələbə Azərbaycan xalqının öz torpaqlarına bağlılığını, milli kimliyini və müstəqilliyinə olan sədaqətini bir daha nümayiş etdirdi.

Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzurda yeni yollar, yaşayış məntəqələri, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri inşa olunur. Doğma yurdlarına qayıdan insanların həyatının yenidən qurulması Böyük Qayıdış prosesinin mühüm tərkib hissəsidir.

8 Noyabr – Zəfər Günü bizə Vətəni sevməyin, onu qorumağın və milli birliyi yaşatmağın nə qədər vacib olduğunu xatırladır. Bu əlamətdar gün hər bir azərbaycanlıya qürur verir və gələcək nəsillərə müstəqil, güclü və inkişaf edən Azərbaycan naminə çalışmağı aşılayır.

 

Yunis Eyyubov,    
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button