
Azərbaycanın müasir dövlətçilik tarixində Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri vardır. Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi siyasi böhran, daxili qarşıdurma, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü Azərbaycan dövlətçiliyini ciddi təhlükə ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi, ordu quruculuğunun əsaslarını gücləndirdi və Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. Ulu Öndərin rəhbərliyi ilə dövlət müstəqilliyinin qorunması, milli maraqların müdafiəsi və ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1994-cü ilin mayında atəşkəsin əldə olunması Azərbaycana müharibənin ağır nəticələrini aradan qaldırmaq, iqtisadiyyatını bərpa etmək, ordu quruculuğunu davam etdirmək və beynəlxalq mövqelərini gücləndirmək imkanı verdi.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı oldu. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müdafiə qabiliyyətinin artırılması və müasir ordu quruculuğu istiqamətində ardıcıl siyasət həyata keçirildi. Azərbaycanın iqtisadi gücünün artması dövlətimizin müdafiə potensialının yüksəlməsinə də mühüm töhfə verdi. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığının artırılması istiqamətində tədbirlər görüldü. Azərbaycan Ordusu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirildi.
İkinci Qarabağ müharibəsinə gətirib çıxaran proseslər və 44 günlük Vətən müharibəsinin gedişatı təsdiq etdi ki, Ermənistanın uzun illər ərzində həyata keçirdiyi təcavüzkar və işğalçılıq siyasəti, beynəlxalq hüququn norma və prinsiplərinə saymazlıq münasibəti cavabsız qala bilməzdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin kağız üzərində qalması, beynəlxalq vasitəçilərin ikili standartlara söykənən fəaliyyətsizliyi və işğalçı dövlətin getdikcə artan hərbi təxribatları Azərbaycan dövlətini öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün qətiyyətli addımlar atmağa sövq etdi. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə başlayan “Dəmir Yumruq” əks-hücum əməliyyatı xalqımızın şərəf və ləyaqət savaşına çevrildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azad olunması uğrunda hərbi əməliyyatlar həyata keçirdi. Noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində mühüm hadisəyə çevrildi. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Bu qələbə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinin sona çatması istiqamətində tarixi əhəmiyyət daşıdı.
44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun qüdrətini, müasir hərbi taktikaya sahibliyini və yüksək döyüş hazırlığını bütün dünyaya nümayiş etdirdi. Hər bir günü qəhrəmanlıq salnaməsi olan bu müharibədə Azərbaycan əsgəri və zabiti misilsiz şücaət göstərdi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması da Qarabağ Zəfərinin davamı kimi xüsusi əhəmiyyət daşıyır. Şəhər və kəndlərin yenidən qurulması, yolların, elektrik və su təchizatı sistemlərinin yaradılması, məktəblərin, xəstəxanaların və digər sosial obyektlərin inşası Böyük Qayıdış prosesinin əsas istiqamətləridir. Uzun illər doğma torpaqlarından ayrı düşmüş insanların öz yurdlarına qayıtması tarixi ədalətin bərpasının mühüm göstəricisidir.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



