AnalitikaGündəmSiyasət

Ortaq gələcək naminə dialoq – sülhə, anlaşmaya və əməkdaşlığa çağırış

Müasir dünyada sülhün qorunması, xalqlar arasında qarşılıqlı etimadın gücləndirilməsi və mədəni müxtəlifliyin müdafiəsi beynəlxalq ictimaiyyət qarşısında dayanan əsas vəzifələrdəndir. Bu baxımdan 2026-cı il oktyabrın 27-də Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mühüm əhəmiyyət daşıyır.

“Ortaq gələcək naminə dialoq” mövzusunda təşkil olunan Forumda Prezident İlham Əliyev çıxış edərək mədəniyyətlərarası və dinlərarası münasibətlərin inkişafının vacibliyini diqqətə çatdırıb.

Dövlət başçısı Azərbaycanın tarixən müxtəlif xalqların və dinlərin nümayəndələrinin birgə yaşadığı ölkə olduğunu vurğulayıb. Ölkəmizdə formalaşmış tolerantlıq mühiti, qarşılıqlı hörmət və həmrəylik cəmiyyətin sabitliyinin mühüm dayaqlarındandır.

Forumun əsas mesajlarından biri də ondan ibarətdir ki, dünyada davamlı sülhə nail olmaq üçün yalnız siyasi razılaşmalar kifayət etmir. İnsanlar və xalqlar arasında qarşılıqlı anlaşma, mədəniyyətlərə hörmət və etimad da formalaşdırılmalıdır.

Xüsusilə gənc nəslin bu prosesə cəlb olunması mühüm əhəmiyyət daşıyır. Gənclərin müxtəlif mədəniyyətləri tanıması, fərqli düşüncələrə hörmətlə yanaşması və beynəlxalq əməkdaşlıqda fəal iştirakı gələcək nəsillər arasında sülh və dostluq münasibətlərinin möhkəmlənməsinə şərait yaradır.

Forumda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların nümayəndələrinin iştirakı tədbirin geniş beynəlxalq əməkdaşlıq xarakterini bir daha nümayiş etdirib.

Azərbaycan bu təşəbbüslərlə dünyada dialoq mədəniyyətinin inkişafına, dini və mədəni müxtəlifliyin qorunmasına, xalqlar arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verir.

Nəticə etibarilə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bir daha göstərdi ki, ortaq gələcəyin qurulması üçün əsas yol qarşılıqlı hörmət, etimad, sülh və əməkdaşlıqdan keçir.

Cavani Babayev,
YAP Şabran rayon təşkilatının sədr müavini 

Oxşar Xəbərlər

Back to top button