
2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək geniş məzmunlu çıxış edib.
Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq sahəsindəki roluna, ölkəmizdə formalaşmış multikulturalizm ənənələrinə, dini və etnik tolerantlıq prinsiplərinə toxunub. Prezident qeyd edib ki, Azərbaycan tarixən Avropa ilə Asiya arasında mədəniyyət körpüsü rolunu oynayıb. Müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu ölkəmizdə qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması xalqımızın zəngin mənəvi dəyərlərinin göstəricisidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda bütün etnik qrupların və dini icmaların nümayəndələri Konstitusiyaya uyğun olaraq bərabər hüquqlara malikdirlər. Cəmiyyətdə hökm sürən həmrəylik, qarşılıqlı hörmət və milli birlik ölkənin sabit inkişafının mühüm amillərindəndir.
Forumda 100-dən artıq ölkədən 2000-dən çox iştirakçının qeydiyyatdan keçməsi Azərbaycanın beynəlxalq miqyasda dialoq platforması kimi mövqeyini göstərir. 2011-ci ildən etibarən keçirilən bu tədbir müxtəlif ölkələri, beynəlxalq təşkilatları, alimləri və ictimaiyyət nümayəndələrini bir araya gətirir.
Bu gün dünyada münaqişələrin, dini və etnik ziddiyyətlərin artdığı bir şəraitdə mədəniyyətlərarası dialoqun təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan öz tarixi təcrübəsi ilə müxtəlif mədəniyyətlərin dinc yanaşı yaşamasının mümkün olduğunu nümayiş etdirir.
VII Forum bir daha göstərdi ki, qarşılıqlı anlaşma, hörmət və əməkdaşlıq ortaq gələcəyin qurulmasında mühüm rol oynayır.
Gülər Kərimova,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



