Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum neft və qaz kəmərləri bizim ən böyük nailiyyətimizdən biridir
Bakı-Tbilisi-Ceyhan ilə əlaqədar ən əhəmiyyətli hadisələrdən biri 1999-cu il noyabr ayının 18-də İstanbulda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) konfransında Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin o zamankı Prezidentləri Eduard Şevardnadze və Süleyman Dəmirəlin iştirakı ilə “Xam Neftin Bakı-Tbilisi-Ceyhan Magistral İxrac Boru Kəməri vasitəsilə Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən nəql edilməsi” haqqında saziş imzalanmışdır. 2006-cı ilin iyun ayından istismara verilən BTC boru kəməri Bakı-Tbilisi-Ceyhan Boru Kəməri Şirkəti tərəfindən tikilib. BTC boru kəmərinin neftlə doldurulmasına 2005-ci il may ayının 10-da başlanıldı və xam neft Ceyhan terminalına 2006-cı ilin may ayının 28-də çatdı. Kəmərin doldurulması üçün təxminən 10 milyon barel neft tələb olunmuşdur. BTC boru kəməri ilə nəql edilmiş ixrac xam nefti yüklənmiş ilk tanker 2006-cı ilin iyun ayının 4-də yola salınmışdır.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Azəri-Çıraq-Günəşli, Şahdəniz yataqlarından Türkiyənin Ceyhan limanına, oradan Aralıq dənizi vasitəsilə Avropa bazarlarına nəqli Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə həyata keçir. Uzunluğu 1768 kilometr olan xəttin Azərbaycandan (443 km), Gürcüstandan (249 km) və Türkiyədən (1076 km) keçir. Boru xəttinin diametri Azərbaycan və Türkiyə daxilində 42 düym (106,68 santimetr), Gürcüstanda isə 46 düymdür (116,84 santimetr). Türkiyədə Ceyhan Dəniz Terminalına doğru son hissəsində boru xəttinin diametri azalaraq 34 düyməyə enir.
2022-ci il ərzində BTC vasitəsilə ixrac olunmuş təqribən 30 milyon ton (təxminən 224 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 305 tankerə yüklənmiş və yola salınmışdır.
Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan və Türkmənistan) də nəql olunur.
Bakı-Tbilisi-Ərzurum Boru Xətti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdür. 2007-ci il iyulun 3-də isə “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən təbii qaz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə Cənubi Qafqaz qaz boru kəməri ilə Türkiyə sərhədlərini aşaraq, qardaş ölkənin qaz kəmərləri sisteminə daxil olmuşdur. 2012-ci il oktyabrın 4-nə keçən gecə Türkiyənin Qars əyalətinin Sarıqamış kəndi yaxınlığında Bakı-Tbilisi-Erzurum qaz kəmərində partlayış baş verib. Nəticədə Azərbaycandan qaz ixracı tamamilə dayandırılıb. 2015-ci il avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər. Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. 2015-ci il sentyabrın 3-də kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı “APA-Economics”ə bildirdiyinə əsasən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Bu gün fəxrət hissiylə bildiririk ki, Ulu Öndər Heydər Əliyevin imzaladığı “Əsrin müqaviləsi”nin nəticəsi olaraq nəql olunan Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum neft və qaz kəmərləri Azərbaycanı dünyanın aparıcı neft dövlətlərindən birinə çevirmişdir!
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi



