GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və səhiyyə sahəsində dövlət siyasətinin prioritet istiqamətləri diqqət mərkəzində olub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 142” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə həsr olunmuş görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Yeni Klinikanın direktoru Zəhra Vəzirova, YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Yeni Klinikanın Ambulatoriya şöbəsinin müdiri Səbinə Paşayeva və Sümük iliyi transplantasiya şöbəsinin müdiri Sevil Cəlilova çıxış ediblər.

Çıxışlarda ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, innovativ müalicə metodlarının tətbiqi və tibb elminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, müasir tibbi texnologiyaların tətbiqi və vətəndaşların sağlamlığının qorunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir.

YAP-ın VIII Qurultayında müəyyənləşdirilən hədəflərdən irəli gələn vəzifələr kontekstində dövlətçilik ideologiyasının təbliği, milli-mənəvi dəyərlərin qorunması, partiya üzvlərinin ictimai fəallığının artırılması və kollektivlərdə ideoloji maarifləndirmə işinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda səhiyyə sahəsində çalışan partiya üzvlərinin üzərinə düşən vəzifələr, dövlət siyasətinin prioritetlərinin təşviqi, peşəkar fəaliyyətlə ictimai məsuliyyətin uzlaşdırılması və əhalinin sağlamlığının qorunması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar səhiyyənin davamlı inkişafına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ideoloji maarifləndirmə tədbirlərinin ardıcıl həyata keçirilməsinə töhfə verməyin əhəmiyyətini vurğulayıblar.

Oxşar Xəbərlər

Back to top button