
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında Partiyanın VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn məsələlərə və qarşıda duran vəzifələrə həsr olunmuş növbəti görüş Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin ərazi partiya təşkilatında baş tutub.
Əvvəlcə iclas iştirakçıları Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin bütövlüyü və müstəqilliyi yolunda şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi ehtiramla, bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev VIII Qurultayın ölkənin sabahını müəyyən edən strateji kursun formalaşdırılmasında oynadığı roldan bəhs edib. O, qarşıya qoyulan məqsədlərin reallaşmasında hər bir partiya üzvünün məsuliyyət daşıdığını, əhali arasında aparılan izahat işinin daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.
YAP fəalları da müzakirələrə qoşularaq dövlətçilik dəyərlərinin qorunub saxlanılması, milli-mənəvi irsimizin gənc nəslə ötürülməsi, vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi məsələlərinə münasibət bildiriblər. Çıxışlarda Azərbaycanın qazandığı tarixi uğurların arxasında duran siyasi iradənin və xalq-iqtidar birliyinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüş zamanı VIII Qurultayda təsbit olunan hədəflərin yerli təşkilatların fəaliyyət planına uyğunlaşdırılması, idarəetmədə səmərəliliyin artırılması, gənclərin ictimai həyatda daha fəal yer alması və milli ideoloji işin yeni dövrün tələblərinə uyğun qurulması barədə geniş fikir mübadiləsi aparılıb.




