AnalitikaGündəmSiyasət

Qubadlının yeni inkişaf tarixi başlanıb

25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın tarixində mühüm və unudulmaz günlərdən biridir. Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin, xalqımızın birliyinin və qəhrəmanlığının rəmzidir. Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan xalqına böyük sevinc və qürur yaşadıb.

Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Gözəl təbiəti, dağları, meşələri və zəngin tarixi ilə seçilən bu rayon ölkəmizin əhəmiyyətli bölgələrindən biridir. Qubadlı həm də özünəməxsus mədəniyyəti və adət-ənənələri ilə tanınır.

1993-cü ildə Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun yaşayış məntəqələri dağıdılıb, əhali öz doğma torpaqlarından məcburi köçkün düşüb. Həmçinin, işğal dövründə qanunsuz məskunlaşma siyasəti həyata keçirilib. Bütün bunlara baxmayaraq, qubadlılılar doğma torpaqlarına qayıtmaq ümidini heç vaxt itirməyiblər.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın tarixi qələbəsi ilə nəticələndi. Oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi. Bu hadisə Zəfərimizin yaxınlaşmasında mühüm rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlıya öz sahibləri qayıdıb. Bu sözlər doğma torpaqlarına qovuşmaq arzusunda olan insanların hisslərini ifadə edir.

2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev Qubadlıya səfər edib və şəhərdə Azərbaycan bayrağını ucaldıb. Bu hadisə dövlətimizin suverenliyinin və qələbəmizin rəmzi kimi böyük əhəmiyyət daşıyır. Bayrağımızın Qubadlıda dalğalanması hər bir azərbaycanlı üçün qürurverici hadisədir.

Hazırda Qubadlıda geniş quruculuq və bərpa işləri aparılır. Yeni yolların çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və infrastrukturun inkişaf etdirilməsi rayonun gələcəyi üçün mühüm addımlardır. 2023-cü il sentyabrın 5-də Prezident İlham Əliyevin yeni Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı Sərəncam imzalaması da bu istiqamətdə görülən işlərin əhəmiyyətini göstərir. Bu layihələr bölgədə nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına və iqtisadi inkişafın sürətlənməsinə kömək edəcək.

Məncə, Qubadlının yenidən qurulması yalnız binaların və yolların tikilməsi demək deyil. Bu, həm də insanların öz doğma evlərinə qayıtması, ailələrin yenidən bir araya gəlməsi və həyatın əvvəlki axarına qayıtması deməkdir. Qubadlıda aparılan bərpa işləri gələcək nəsillər üçün də böyük əhəmiyyət daşıyır.

Nəticə olaraq, 25 Oktyabr – Qubadlı Şəhəri Günü xalqımızın yaddaşında daim yaşayacaq. Bu gün bizə Vətən sevgisini, birliyi və torpaqlarımızın qədrini bilməyin vacibliyini xatırladır. İnanıram ki, Qubadlı gələcəkdə daha da inkişaf edəcək, gözəlləşəcək və öz sakinləri üçün firavan bir yurda çevriləcək. Qubadlının azadlığı Azərbaycanın şanlı tarixinin ayrılmaz hissəsidir.

Aysu Abbasova,
Bakı Slavyan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button