
Qubadlı şəhərinin 2020-ci il oktyabrın 25-də işğaldan azad olunması Azərbaycan xalqının yaddaşında qürur və iftixar doğuran hadisə kimi yaşayır. Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalqımızın sarsılmaz birliyinin nəticəsi idi. Qubadlı zəfəri dövlətimizin öz ərazi bütövlüyünü bərpa etmək əzmini bir daha nümayiş etdirdi.
Vətən müharibəsi Azərbaycan cəmiyyətinin bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirdi. Cəbhədə döyüşən hərbçilərimizlə yanaşı, arxa cəbhədə çalışan insanlar da qələbənin əldə olunmasına töhfə verirdilər. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, xalqa müraciətləri və diplomatik fəaliyyəti milli həmrəyliyin daha da güclənməsinə şərait yaradırdı. Azərbaycan xalqı dövlətinin və ordusunun ətrafında sıx birləşərək tarixi ədalətin bərpası uğrunda mübarizə aparırdı.
Qubadlı istiqamətində həyata keçirilən əməliyyatlar hərbçilərimizin peşəkarlığını və döyüş əzmini nümayiş etdirdi. Dağlıq ərazilərdə, mürəkkəb relyef şəraitində aparılan döyüşlər yüksək hazırlıq və koordinasiya tələb edirdi. Azərbaycan Ordusunun əsgər və zabitləri düşmənin müdafiə mövqelərini yararaq şəhəri və bir sıra kəndləri işğaldan azad etdilər. Bu uğur Vətən müharibəsinin gedişində mühüm dönüş nöqtələrindən biri oldu.
Qubadlı zəfərinin mənəvi əhəmiyyəti də böyükdür. Uzun illər doğma torpaqlarından ayrı düşmüş sakinlər üçün bu hadisə evlərinə qayıtmaq ümidinin gerçəkləşməsi demək idi. Rayonun müdafiəsi və azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbə şəhidlərimizin qanının yerdə qalmadığını və Azərbaycanın öz tarixi torpaqlarında suverenliyini bərpa etmək əzmini təsdiqlədi.
Hazırda Qubadlının bərpası və inkişafı milli birliyin real nəticələrini nümayiş etdirir. Yeni yaşayış məhəllələrinin, təhsil müəssisələrinin, yolların və enerji obyektlərinin yaradılması şəhərin gələcəyinə hesablanmış mühüm tədbirlərdir. Prezident İlham Əliyevin həyata keçirdiyi Böyük Qayıdış siyasəti sakinlərin doğma yurdlarına qayıdışını və ərazinin sosial-iqtisadi inkişafını hədəfləyir. Qubadlı zəfəri bir daha göstərir ki, güclü dövlət və birləşmiş xalq qarşıya qoyduğu tarixi məqsədlərə nail ola bilər.
Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı



