
Davamlı sülh regionların təhlükəsizliyinin, iqtisadi inkişafının və xalqlar arasında münasibətlərin normallaşmasının əsas şərtlərindəndir. Azərbaycan uzun illər davam edən münaqişədən sonra öz ərazi bütövlüyünü bərpa edib və regionda yeni siyasi reallıqlar formalaşıb. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı sülhün qorunması və möhkəmləndirilməsinin vacibliyini xüsusi vurğuladı.
Dövlət başçısı Azərbaycanın münaqişə dövründə üzləşdiyi çətinlikləri və beynəlxalq hüquqi mexanizmlərin uzun müddət nəticə vermədiyini xatırlatdı. İşğal, məcburi köçkünlük və dağıdılmış yaşayış məntəqələri regionda uzunmüddətli humanitar və siyasi problemlər yaradıb. Prezident İlham Əliyevin çıxışı bu təcrübənin gələcəkdə yeni qarşıdurmaların qarşısının alınması üçün nəzərə alınmasının əhəmiyyətini göstərdi.
2020-ci il Vətən müharibəsi və 2023-cü ildə Azərbaycanın suverenliyinin tam bərpası münaqişənin gedişində həlledici dəyişikliklər yaratdı. Azərbaycan öz ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistanla sülhün qurulmasına üstünlük verdiyini bəyan edib. Dövlət başçısı çıxışında müharibədən sonra qisas siyasətinin seçilmədiyini və sülh təklifinin irəli sürüldüyünü qeyd etdi.
Prezident İlham Əliyevin vurğuladığı kimi, mövcud sülh kövrəkdir və onun qorunması üçün davamlı səylər tələb olunur. Sülhün möhkəmlənməsi dövlətlərin bir-birinin suverenliyinə hörmət etməsindən, qarşılıqlı etimadın yaradılmasından və siyasi məsələlərin dialoq yolu ilə həllindən asılıdır. Beynəlxalq təşkilatların bu prosesdə konstruktiv rol oynaması da mühüm əhəmiyyət daşıyır.
AQEM-in Bakı Zirvə Görüşü regional sülh və təhlükəsizlik məsələlərinin beynəlxalq müstəvidə müzakirəsi üçün mühüm imkan yaratdı. Prezident İlham Əliyevin çıxışında səsləndirilən fikirlər Azərbaycanın suverenliyini qorumaqla yanaşı, gələcəkdə sabit və təhlükəsiz regionun formalaşmasına verdiyi əhəmiyyəti nümayiş etdirdi. Davamlı sülhün təmin edilməsi həm regional əməkdaşlığın, həm də iqtisadi inkişafın genişlənməsi üçün əlverişli şərait yarada bilər.
Sevinc Salayeva,
YAP Nizami rayon təşkilatının fəalı



