
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin mövqeyinin güclənməsi onların milli maraqlarını qorumaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə necə yanaşmasından da asılıdır. Azərbaycan müstəqil dövlət kimi suverenliyə hörmət, ərazi bütövlüyü və dövlətlərin bərabərhüquqluluğu prinsiplərini xarici siyasətinin əsas istiqamətləri kimi müəyyənləşdirib. Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşü bu prinsiplərin beynəlxalq səviyyədə ifadəsi baxımından əhəmiyyətli platforma oldu.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqil xarici siyasət kursunun mahiyyətini diqqətə çatdırdı. Dövlət başçısı beynəlxalq münasibətlərdə hər bir ölkənin suveren hüquqlarına hörmət edilməsinin və daxili işlərə qarışmamaq prinsipinin qorunmasının vacibliyini vurğuladı. Bu yanaşma dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və siyasi dialoqun inkişafı üçün mühüm əsasdır.
Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüququn prinsipləri yalnız bəyanatlarda deyil, real siyasi qərarlarda da öz əksini tapmalıdır. Ölkəmizin ərazilərinin uzun müddət işğal altında qalması və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icra olunmaması beynəlxalq mexanizmlərin səmərəliliyi ilə bağlı ciddi problemlər yaratmışdı. Prezident İlham Əliyev bu məsələləri gündəmə gətirməklə hüquqi öhdəliklərin yerinə yetirilməsinin vacibliyini bir daha vurğuladı.
Azərbaycan 2020-ci ildə Vətən müharibəsi nəticəsində ərazilərinin böyük hissəsini işğaldan azad etdi, 2023-cü ildə isə dövlət suverenliyini tam bərpa etdi. Bu hadisələr ölkənin ərazi bütövlüyünün təmin olunması baxımından tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında Azərbaycanın keçdiyi yolun xatırladılması beynəlxalq ictimaiyyətə münaqişələrin həllində ədalətli və ardıcıl yanaşmanın vacibliyini göstərdi.
Prezident İlham Əliyevin AQEM tribunasından səsləndirdiyi fikirlər Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini aydın şəkildə ortaya qoydu. Bakı Zirvə Görüşü ölkəmizin suverenlik, hüquqi bərabərlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Bu prinsiplərin beynəlxalq miqyasda qorunması daha sabit, etibarlı və ədalətli münasibətlərin formalaşmasına töhfə verə bilər.
Rəşad Hüseynəliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 185B” ərazi partiya təşkilatının sədri



