
20 oktyabr 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Poylu qəsəbə”, “Kolxəlfəli kənd”, “Pirili kənd” və “Qıraq Kəsəmən kənd” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 20 oktyabr “Zəngilan şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP Ağstafa rayon təşkilatının əməkdaşı Yunis Eyyubov qeyd edib ki, hər bir xalqın tarixində onun milli qürurunu, vətənə bağlılığını və azadlıq əzmini təcəssüm etdirən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıyan belə günlərdən biri də 20 Oktyabr – Zəngilan şəhəri Günüdür. Bu əlamətdar tarix xalqımızın doğma torpaqlarına qayıdış iradəsini, qəhrəmanlığını və Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda apardığı mübarizənin tarixi nəticələrini özündə əks etdirir. Zəngilan şəhəri günü yalnız bir şəhərin azadlığının qeyd olunması deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və gələcəyə olan inamımızın ifadəsidir.
Tədbirdə çıxış edən digər natiqlər – “Kolxəlfəli kənd” Ərazi Partiya Təşkilatının sədri Nadir Səttarov, Poylu qəsəbə tam orta ümumtəhsil məktəbin müəllimi Səbinə Əliyeva bildiriblər ki, Zəngilan Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus təbiətə malik bölgələrindən biridir. Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən bu ərazi tarixən öz strateji mövqeyi, təbii sərvətləri, münbit torpaqları və gözəl mənzərələri ilə seçilmişdir. Zəngilanın coğrafi mövqeyi onun həm ölkəmizin iqtisadi həyatında, həm də regionun nəqliyyat və kommunikasiya əlaqələrində mühüm rol oynamasına imkan verir. Bu diyarın tarixi və mədəni irsi Azərbaycan xalqının milli yaddaşının ayrılmaz hissəsidir.







