AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəngilan,həsrətdən Zəfərə, işğaldan azadlığa uzanan tarixi yol

Azərbaycan tarixində elə günlər var ki, onlar xalqın yaddaşında milli qürur və qəhrəmanlıq rəmzi kimi yaşayır. 20 Oktyabr Zəngilan Şəhəri Günü də belə əlamətdar tarixlərdəndir. Bu gün doğma torpağa qayıdışın, tarixi ədalətin bərpasının və Azərbaycan xalqının sarsılmaz iradəsinin təcəssümüdür.

Zəngilan qədim tarixi, zəngin mədəni irsi və füsunkar təbiəti ilə Azərbaycanın seçilən bölgələrindən biridir. Lakin 1993-cü il oktyabrın 29-da Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun həyatında ağır izlər buraxdı. Doğma evlərini tərk etməyə məcbur olan sakinlər illərlə yurd həsrəti ilə yaşadılar, qayıdış ümidini qoruyub saxladılar.

2020-ci il oktyabrın 20-də Azərbaycan Ordusunun Zəngilan şəhərini işğaldan azad etməsi Vətən müharibəsinin mühüm tarixi hadisələrindən biri oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm mərhələ təşkil etdi. Şəhərdə üçrəngli bayrağımızın yenidən dalğalanması illərlə doğma yurd həsrəti çəkən zəngilanlılar üçün yeni bir dövrün başlanğıcı oldu.

Bu qələbə Azərbaycan əsgərinin şücaətinin, xalqımızın birliyinin və dövlətimizin qətiyyətinin nəticəsi idi. Vətən uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığı və qazilərimizin fədakarlığı Zəngilanın azadlıq tarixinin ayrılmaz hissəsidir. Onların xatirəsini ehtiramla yad etmək hər birimizin mənəvi borcudur.

Zəngilanın azad edilməsindən sonra bölgədə bərpa və quruculuq işlərinə başlanıldı. Müasir infrastrukturun yaradılması, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışı Böyük Qayıdış proqramının əsas istiqamətlərindəndir. Ağalı kəndində həyata keçirilən «ağıllı kənd» layihəsi isə regionun müasir inkişaf modelini nümayiş etdirir. Bu gün Zəngilanın gələcəyi yalnız qurulan binalar və çəkilən yollarla deyil, həm də doğma yurduna qayıdan insanların həyatında baş verən dəyişikliklərlə müəyyən olunur. Uzun illər həsrətlə gözlənilən qayıdış ailələrin öz ocaqlarında məskunlaşması, uşaqların doğma torpaqda böyüməsi və bölgənin iqtisadi-mədəni həyatının yenidən canlanması deməkdir.

Zəngilanın dirçəlişi Azərbaycanın müharibədən sonra quruculuğa, inkişafa və davamlı tərəqqiyə yönəlmiş siyasətinin mühüm nəticəsidir. Bu torpaqda həyatın yenidən canlanması gələcək nəsillərə ötürülən əminlik mesajıdır: milli birlik və Vətənə bağlılıq ən çətin sınaqlardan belə qalib çıxmağa imkan verir.

20 Oktyabr Zəngilan Şəhəri Günü münasibətilə xalqımızı təbrik edir, şəhərimizin daha da inkişaf etməsini və doğma yurdlarına qayıdan sakinlərin firavan həyat sürməsini arzulayırıq. Zəngilanın azadlığı uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi daim yaşayacaq, onların göstərdiyi fədakarlıq tariximizin unudulmaz səhifəsi olaraq qalacaq. Zəngilan azadlığın, milli qürurun və yenidən doğuluşun rəmzidir.

Üçrəngli bayrağımız Azərbaycanın hər guşəsində qürurla dalğalansın!

Yaşasın müstəqil Azərbaycan!

Yeganə Abbasova,
YAP Nizami rayon təşkilatı “Bəhruz Buriyev küçəsi, 10a” ərazi partiya təşkilatının sədr müavini, Nizami Bələdiyyəsinin sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button