
Yeni Azərbaycan Partiyasının VIII Qurultayının nəticələri və Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Tərtər rayon təşkilatının Telekom ərazi partiya təşkilatının üzvlərinin iştirakı ilə birgə iclas keçirilib.
İclasda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək bildirib ki, VIII Qurultayda qəbul olunan qərarlar və Prezident İlham Əliyevin nitqində müəyyənləşdirilən vəzifələr hər bir partiya üzvündən daha yüksək məsuliyyət, təşəbbüskarlıq və ictimai-siyasi fəallıq tələb edir. O, ərazi partiya təşkilatlarının fəaliyyətində ardıcıllığın və sistemliliyin təmin edilməsinin, ideoloji işin səmərəliliyinin artırılmasının və partiya üzvlərinin peşə fəaliyyətində nümunəvi olmasının vacibliyini vurğulayıb.
Telekom ərazi partiya təşkilatının sədri Adil Hüseynov çıxışında qeyd edib ki, Prezident İlham Əliyevin nitqində səsləndirilən fikirlər hər bir partiya üzvü üçün fəaliyyət proqramıdır. O, Heydər Əliyev irsinin, azərbaycançılıq ideologiyasının və dövlətçilik dəyərlərinin təbliğində, dövlət siyasətinin mahiyyətinin əhaliyə aydın və dolğun çatdırılmasında, vətəndaşların fikir və təkliflərinin dinlənilməsində partiya üzvlərinin fəal rol oynamalı olduğunu bildirib.
Çıxış edən ərazi partiya təşkilatının üzvləri Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin icrasında təbliğat və izahat işinin gücləndirilməsinin, əhali ilə canlı təmasın qorunub saxlanılmasının və hər bir partiya üzvünün ictimai proseslərdə fəal mövqe tutmasının zəruriliyini diqqətə çatdırıblar.



