
YAP Hacıqabul rayon təşkilatında Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlərdən, qarşıya qoyduğu vəzifələrdən və irəli sürdüyü çağırışlardan irəli gələn məsələlərin müzakirəsinə həsr olunmuş tədbirlər silsiləsi davam etdirilir.
Oktyabrın 19-da R.Behbudov küçəsi 14 ünvanında yerləşən ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov iştirak edib və çıxış edib. Görüşdə dövlət başçısının qurultayda müəyyənləşdirdiyi strateji hədəflər, Azərbaycanın müasir inkişaf modeli, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması, milli maraqların qorunması, eləcə də beynəlxalq müstəvidə mövqelərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.
YAP rayon təşkilatının sədri İsmayıl İbrahimov bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların müdafiəsi və ölkənin davamlı inkişafı naminə ardıcıl fəaliyyət göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər, ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Bu uğurlar xalqımızın birliyi, dövlət başçısının qətiyyətli siyasəti və cəmiyyətin ümummilli məqsədlər ətrafında səfərbər olunmasının nəticəsidir.
Natiq vurğulayıb ki, VIII Qurultayda səsləndirilən mesajlar partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, təşkilati işin təkmilləşdirilməsi və siyasi proseslərdə fəallığın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edib ki, hər bir partiya üzvü Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf prioritetlərinin mahiyyətini dərindən dərk etməli, dövlətçilik prinsiplərinin qorunmasına, milli həmrəyliyin möhkəmləndirilməsinə və cəmiyyətlə əlaqələrin genişləndirilməsinə öz töhfəsini verməlidir.
Tədbirdə Qurultay nümayəndələri Hacıqabul rayon Ağsaqqallar Şurasının sədri Sahib Aslanov və Hacıqabul rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Səyavuş Məmmədov çıxış edərək Azərbaycanın beynəlxalq nüfuzunun yüksəldilməsi, müstəqil xarici siyasət kursunun uğurla davam etdirilməsi, ölkədə ictimai-siyasi sabitliyin qorunması və gələcək inkişaf hədəflərinin reallaşdırılması məsələlərinə də toxundular. Çıxış edənlər bildirdilər ki, əldə olunan nailiyyətlərin davamlılığının təmin edilməsi üçün siyasi təşkilatların üzərinə düşən vəzifələr məsuliyyətlə yerinə yetirilməli, ərazi partiya təşkilatlarında maarifləndirmə və təbliğat işləri müasir tələblərə uyğun qurulmalıdır.
Müzakirələr zamanı Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki mövqeyinin daha da gücləndirilməsi, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, gənclərlə işin genişləndirilməsi və təşkilatdaxili əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub. İştirakçılar vurğulayıblar ki, milli birlik və həmrəylik Azərbaycanın gələcək uğurlarının əsas şərtlərindən biridir və bu dəyərlərin qorunması hər bir vətəndaşın, eləcə də partiya üzvünün mühüm vəzifəsidir.



