AnalitikaGündəmSiyasət

Azərbaycan-Laos münasibətlərində yeni əməkdaşlıq mərhələsi: qarşılıqlı etimaddan konkret nəticələrə doğru

Azərbaycanın xarici siyasətində dostluq münasibətlərinin möhkəmləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıqların qurulması mühüm yer tutur. Prezident İlham Əliyevin oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanat da bu siyasətin ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Bəyanatda iki ölkə arasında siyasi dialoqun mövcud vəziyyəti, iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri və gələcək əməkdaşlığın əsas istiqamətləri diqqətə çatdırılıb.

Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olması tərəflər arasında formalaşmış qarşılıqlı etimadın və dostluq əlaqələrinin göstəricisidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uzun illərdir həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirir. Laos Prezidentinin Azərbaycana ilk rəsmi səfəri isə bu münasibətlərin inkişafında xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində keçirilən görüşlər və qəbul edilən Birgə Bəyanat gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməklə yanaşı, münasibətlərin daha yüksək səviyyəyə çatdırılması üçün siyasi iradənin mövcudluğunu da təsdiqləyir.

Azərbaycan-Laos əlaqələrinin inkişafında parlamentlərarası əməkdaşlıq və siyasi partiyalar arasında münasibətlər də mühüm rol oynayır. Hər iki ölkədə dostluq qruplarının yaradılması, parlamentlərarası təşkilatlar çərçivəsində əlaqələrin davam etdirilməsi və hakim partiyalar arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması tərəfdaşlığın müxtəlif istiqamətlərdə möhkəmləndiyini göstərir. Bu əlaqələr ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə əlverişli zəmin yaradır.

Dövlət başçısının bəyanatında iqtisadi münasibətlərin genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Mövcud siyasi əlaqələrin səviyyəsi iki ölkə arasında ticarət dövriyyəsinin və iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş imkanlar yaradır. Prezident İlham Əliyev hazırkı ticarət göstəricilərinin nə mövcud potensialı, nə də tərəflərin niyyətini tam əks etdirdiyini vurğulayıb. Bu baxımdan Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu işgüzar dairələr arasında əlaqələrin qurulması, qarşılıqlı maraq doğuran layihələrin müəyyənləşdirilməsi və yeni investisiya imkanlarının araşdırılması baxımından əhəmiyyətli platforma olacaq.

Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşunu genişləndirməsi ölkəmizin iqtisadi imkanlarının və beynəlxalq iqtisadi əlaqələrdə artan rolunun göstəricisidir. Dövlətimizin başçısı Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələr təqdim ediləcəyi təqdirdə bu təşəbbüslərə maraqla yanaşılacağını bildirib. Belə əməkdaşlıq yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması və qarşılıqlı iqtisadi faydanın təmin edilməsi baxımından mühüm nəticələr verə bilər. Energetika, mədənçilik, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi də tərəfdaşlığın yalnız bir istiqamətlə məhdudlaşmadığını göstərir.

İki ölkə arasında humanitar əlaqələrin genişləndirilməsi də səfərin diqqətçəkən məqamlarındandır. Vaxtilə sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil alması ölkələrimiz arasında təhsil sahəsində mövcud olan tarixi əlaqələrin əhəmiyyətini ortaya qoyur. Prezident İlham Əliyevin bu ənənənin bərpası ilə bağlı təklifi və təqaüd mexanizmlərinin nəzərdən keçirilməsi gələcək əməkdaşlıq üçün yeni imkanlar açır. Laoslu gənclərin Azərbaycanda təhsil alması onların bilik və bacarıqlarının inkişafına, eyni zamanda, iki xalq arasında mədəni əlaqələrin və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verə bilər.

Bəyanatda toxunulan mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizədir. Azərbaycan və Laos müxtəlif tarixi şəraitlərdə yaşasalar da, bu problemin ağır nəticələri ilə üzləşən ölkələr kimi ortaq təcrübəyə malikdirlər. Prezident İlham Əliyev Ermənistanın işğalı nəticəsində Azərbaycan ərazilərində bir milyondan çox minanın basdırıldığını, son 5-6 il ərzində isə 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həyatını itirdiyini və ya ağır yaralandığını bildirib. Bu faktlar mina probleminin ölkəmiz üçün nə qədər ciddi humanitar təhlükə yaratdığını bir daha göstərir. Təcrübə mübadiləsi, müasir texnologiyaların tətbiqi və mütəxəssislər üçün treninqlərin təşkili bu sahədə əməkdaşlığın faydalı istiqamətləri kimi çıxış edə bilər.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq perspektivləri də Azərbaycan-Laos münasibətlərinin iqtisadi məzmununu genişləndirən amillərdəndir. Azərbaycanın əlverişli coğrafi mövqeyi, formalaşdırdığı nəqliyyat infrastrukturu və beynəlxalq yükdaşımalar sahəsində qazandığı təcrübə ölkəmizi mühüm tranzit mərkəzlərindən birinə çevirib. Laosda qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi və gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının yaranması qarşılıqlı əməkdaşlıq üçün yeni perspektivlər vəd edir. Bu layihələrin reallaşması yükdaşımaların həcminin artmasına, yeni bazarlarla əlaqələrin qurulmasına və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verə bilər.

Prezident İlham Əliyevin bəyanatında səsləndirilən fikirlər göstərir ki, Azərbaycanla Laos arasında münasibətlərin inkişafı üçün siyasi iradə və qarşılıqlı maraq mövcuddur. Əsas məsələ bu imkanların konkret layihələrə və real nəticələrə çevrilməsidir. İmzalanan sənədlər, aparılan müzakirələr və müəyyənləşdirilən əməkdaşlıq istiqamətləri gələcək fəaliyyət üçün mühüm əsas yaradır.

Laos Prezidentinin Azərbaycana rəsmi səfəri və oktyabrın 15-də keçiriləcək Zirvə görüşündə iştirakının nəzərdə tutulması ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Bu səfər bir daha təsdiqləyir ki, Azərbaycan qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan münasibətlərin inkişafına xüsusi önəm verir. Azərbaycan-Laos əlaqələrinin bundan sonra da genişlənməsi, siyasi dialoqun iqtisadi və humanitar sahələrdə konkret nəticələrlə tamamlanması hər iki ölkənin maraqlarına xidmət edən mühüm istiqamət kimi diqqət çəkir.

Dövran Həsənov,
YAP Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Hacıqabul Rayon Mərkəzi Kitabxanasının direktoru

Oxşar Xəbərlər

Back to top button