AnalitikaGündəmSiyasət

Müəllimin xarici görünüşü pedaqoji nüfuzun və peşə məsuliyyətinin göstəricisidir

Təhsil prosesində müəllimin rolu yalnız dərs materialını izah etmək və şagirdlərin bilik səviyyəsini qiymətləndirməklə məhdudlaşmır. Müəllim gündəlik davranışı, danışıq tərzi, ünsiyyət mədəniyyəti və xarici görünüşü ilə də şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir göstərir. Bu baxımdan dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblər pedaqoji nüfuzun qorunması və peşəkar davranış standartlarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

İşgüzar geyim tərzi müəllimin təmsil etdiyi təhsil müəssisəsinə və həyata keçirdiyi fəaliyyətə məsuliyyətli münasibətini əks etdirir. Səliqəli, sadə və yerinə uyğun seçilmiş geyim müəllimin peşəkar imicini tamamlayır, onun dərs prosesindəki mövqeyini daha aydın ifadə edir. Belə görünüş şagirdlərə təhsil mühitində qəbul edilən davranış və təqdimat normalarını anlamağa kömək edir. Bununla yanaşı, geyim müəllimin bilik və bacarıqlarını əvəz etmir; o, pedaqoji peşəkarlığı tamamlayan elementlərdən biri kimi çıxış edir.

Təhsilverənlər üçün müəyyən edilmiş geyim tələblərinin məqsədi bütün müəllimlərin fərdi xüsusiyyətlərini aradan qaldırmaq deyil, təhsil müəssisələrində ümumi işgüzar yanaşmanı təmin etməkdir. Müəllim öz fərdi üslubunu qorumaqla yanaşı, peşə fəaliyyətinin xarakterinə, məktəbin daxili qaydalarına və təlim mühitinin xüsusiyyətlərinə uyğun seçim etməlidir. Bu tarazlıq həm şəxsi rahatlığın, həm də kollektiv standartlara riayətin təmin olunmasına imkan verir.

Geyim seçiminin pedaqoji fəaliyyətə uyğunluğu xüsusi diqqət tələb edir. Müəllimin geyimi dərs zamanı hərəkət imkanlarını məhdudlaşdırmamalı, şagirdlərin diqqətini əsas mövzudan yayındırmamalı və təlimin təşkilinə mane olmamalıdır. Praktik və səliqəli görünüş müəllimin dərs prosesini rahat idarə etməsinə, şagirdlərlə sərbəst ünsiyyət qurmasına və tədris fəaliyyətinə diqqətini yönəltməsinə şərait yaradır. Beləliklə, geyimlə bağlı tələblər həm xarici görünüş, həm də gündəlik pedaqoji işin xüsusiyyətləri nəzərə alınmaqla qiymətləndirilməlidir.

Müəllimin davranışı və görünüşü arasında uyğunluq təhsil mühitində qarşılıqlı hörmətin möhkəmlənməsinə də kömək edir. Şagirdlər müəllimin nümunəsində ictimai mühitdə özünü təqdim etməyin, səliqəli olmağın və müəyyən edilmiş qaydalara əməl etməyin əhəmiyyətini müşahidə edirlər. Bu səbəbdən işgüzar geyim mədəniyyəti məktəbdə peşəkar münasibətlərin inkişafına xidmət edən amillərdən biridir. Müəllimin şəxsi nümunəsi ilə dəstəklənən bu yanaşma onun pedaqoji nüfuzunu gücləndirir və təhsil müəssisəsində sağlam ünsiyyət mühitinin qorunmasına töhfə verir.

Ləman Məmmədli,
YAP Xətai rayon təşkilatı fəalı

Oxşar Xəbərlər

Back to top button