
Azərbaycan və Türkmənistan arasında münasibətlər tarixi köklərə, ortaq mənəvi dəyərlərə, qarşılıqlı hörmətə və etimada əsaslanaraq müasir dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xəzər dənizinin iki sahilində yerləşən qardaş ölkələri birləşdirən bu münasibətlər siyasi dialoqun intensivliyi, iqtisadi-ticari əlaqələrin genişlənməsi, nəqliyyat-logistika imkanlarının artırılması və enerji sahəsində əməkdaşlığın gücləndirilməsi ilə səciyyələnir. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində Azərbaycan-Türkmənistan əlaqələri həm ikitərəfli münasibətlər, həm də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir.
Oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü regional tərəfdaşlığın genişləndirilməsi və ortaq maraqların uzlaşdırılması baxımından mühüm əhəmiyyətli tədbirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdəki çıxışında ölkəmizin Türkmənistanla dostluq münasibətlərinin möhkəmləndirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və Xəzər hövzəsində iqtisadi əlaqələrin inkişafına verdiyi önəmdən danışmışdır.
Dövlətimizin başçısı çıxışında Türkmənistan Prezidentinə dəvətə və ənənəvi qonaqpərvərliyə görə təşəkkürünü bildirərək qardaş ölkədə olmaqdan məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsini tarixi qərar kimi qiymətləndirib və bu qərarı dəstəkləyən dövlət başçılarına minnətdarlığını çatdırıb. O, Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsünün irəli sürülməsində Türkmənistanın və şəxsən Qurbanqulu Berdiməhəmmədovun rolunu xüsusi qeyd edib.
Azərbaycanın bu əməkdaşlıq formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin daha geniş institusional müstəvidə inkişafına şərait yaradır. Bu qərar eyni zamanda Azərbaycan-Türkmənistan münasibətlərinin regional əməkdaşlıq kontekstində əhəmiyyətini artırır. Xəzər dənizinin iki sahilində yerləşən ölkələrin siyasi və iqtisadi potensialının uzlaşdırılması, nəqliyyat marşrutlarının inkişafı, enerji resurslarının daşınması və qarşılıqlı investisiyaların təşviqi üçün yeni imkanlar yaranır. Beləliklə, Azərbaycanla Türkmənistan arasında ikitərəfli tərəfdaşlıq daha geniş regional əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilir.
İki ölkə arasında münasibətlərin dinamik inkişafı ən aydın şəkildə yüksək səviyyəli siyasi dialoqda özünü göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, son dövrlərdə Azərbaycan və Türkmənistan arasında ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu intensiv təmaslar dövlətlərimizin bir-birinə verdiyi önəmin, qarşılıqlı etimadın və əlaqələri daha da möhkəmləndirmək istəyinin göstəricisidir. Yüksəksəviyyəli görüşlər ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsinə, yeni təşəbbüslərin irəli sürülməsinə və əldə olunan razılaşmaların konkret layihələr vasitəsilə reallaşdırılmasına imkan verir.
Azərbaycan-Türkmənistan münasibətlərinin möhkəm təməlini təşkil edən əsas amillərdən biri dövlətlərimizin müstəqillik, suverenlik və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətidir. Ölkələr arasında siyasi dialoqun ardıcıl xarakter alması münasibətlərin davamlı inkişafına əlverişli şərait yaradır. Qarşılıqlı səfərlərin intensivliyi və müntəzəm təmaslar göstərir ki, Bakı və Aşqabad mövcud əlaqələrin qorunub saxlanılması ilə kifayətlənmir, onları yeni dövrün tələblərinə uyğun olaraq genişləndirməyə çalışırlar.
Bu münasibətlərin fərqləndirici cəhətlərindən biri siyasi və iqtisadi əməkdaşlığın xalqlar arasında tarixi-mədəni yaxınlıqla tamamlanmasıdır. Azərbaycan və türkmən xalqlarını ortaq türk kökləri, dil və mədəniyyət yaxınlığı, oxşar adət-ənənələr və mənəvi dəyərlər birləşdirir. Bu amillər dövlətlərarası münasibətlərin ictimai əsaslarını gücləndirir, xalqlar arasında dostluğun möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edir.
Prezident İlham Əliyevin çıxışında Füzuli şəhərində Türkmənistanın təşəbbüsü ilə məscidin tikintisinə xüsusi diqqət yetirməsi bu mənəvi yaxınlığın əhəmiyyətini bir daha ortaya qoyub. Dövlətimizin başçısı ötən il məscidin təməlqoyma mərasimində Türkmənistanın Milli Lideri Qurbanqulu Berdiməhəmmədovla birlikdə iştirak etdiyini xatırladaraq bu təşəbbüsü qardaş ölkənin Azərbaycana dəyərli hədiyyəsi kimi səciyyələndirib. Füzulidə inşa olunan məscid yalnız dini ibadət məkanı deyil, həm də iki xalq arasında dostluğun, mənəvi bağlılığın və qarşılıqlı dəstəyin rəmzidir.
Ümumilikdə, Azərbaycan-Türkmənistan münasibətlərinin hazırkı inkişaf mərhələsi siyasi etimadın, iqtisadi maraqların və ortaq mənəvi dəyərlərin qarşılıqlı şəkildə möhkəmləndiyi bir dövr kimi səciyyələnir. Yüksək səviyyəli siyasi dialoq, Füzulidə məscid tikintisi kimi mənəvi əhəmiyyət daşıyan təşəbbüslər, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, Xəzər üzərindən nəqliyyat imkanlarının artırılması və enerji sahəsində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas istiqamətlərini təşkil edir.
Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan regional əməkdaşlığın genişləndirilməsini uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri hesab edir. Türkmənistanla münasibətlərin möhkəmləndirilməsi isə bu strategiyada xüsusi yer tutur. Mövcud siyasi iradə və iqtisadi potensialdan səmərəli istifadə olunması qarşılıqlı ticarətin artmasına, birgə investisiya layihələrinin genişlənməsinə, nəqliyyat marşrutlarının rəqabət qabiliyyətinin yüksəlməsinə və enerji əməkdaşlığının yeni istiqamətlər üzrə inkişafına şərait yaradacaq.
Əminliklə demək olar ki, Azərbaycan və Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə də qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin olaraq qalacaq. Tarixi-mədəni yaxınlığa və qarşılıqlı etimada əsaslanan bu tərəfdaşlıq təkcə iki ölkənin inkişafına deyil, Xəzər hövzəsində sabitliyin möhkəmləndirilməsinə, Mərkəzi Asiya ilə digər regionlar arasında iqtisadi əlaqələrin dərinləşməsinə və xalqlarımızın rifahının yüksəldilməsinə mühüm töhfə verəcək.
Daşqın Mikayılov,
YAP Şəki rayon təşkilatının sədri



