
Bəzən bir geyim qaydasının ətrafında yaranan müzakirələrə yalnız zahiri tərəfdən yanaşılır, məsələnin təhsil və tərbiyə ilə bağlı məqamları isə arxa planda qalır. Halbuki məktəb mühiti uşağın yalnız bilik qazandığı deyil, həyata baxışının, davranışının və dəyərlərə münasibətinin formalaşdığı yerdir. Bu baxımdan şagirdlərin və müəllimlərin geyimi ilə bağlı tələbləri də təkcə görünüş məsələsi kimi deyil, məktəb mədəniyyəti, bərabərlik və milli-mənəvi dəyərlərin qorunması kontekstində dəyərləndirmək lazımdır.
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayındakı çıxışında ideoloji təhlükəsizlik məsələsinə xüsusi diqqət yetirilməsi də bu baxımdan əhəmiyyətlidir. Dövlətimizin başçısı Azərbaycanın müstəqil siyasət yürüdən, güclü beynəlxalq nüfuza malik, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş ölkə olduğunu vurğulayaraq, daxili sabitliyin qorunması ilə yanaşı, xarici ideoloji risklərə qarşı cəmiyyətin möhkəmliyinin artırılmasının vacibliyini qeyd edib.
Prezidentin sözləri ilə desək: “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir.” Dövlət sərhədlərini qorumaq nə qədər vacibdirsə, informasiya və internet vasitəsilə yayılan zərərli ideoloji təsirlərdən qorunmaq da bir o qədər əhəmiyyətlidir. Bu mübarizədə təhsil və vətənpərvərlik əsas vasitələrdəndir. Dövlət başçısının qeyd etdiyi kimi, xalq nə qədər savadlı və bilikli olarsa, yalan və zərərli təbliğatın təsirinə düşmək ehtimalı da bir o qədər azalar.
Məhz buna görə uşaqların və gənclərin dünyagörüşünün formalaşdığı məktəb mühitinin dünyəvi prinsiplərə, nizam-intizama və milli-mənəvi dəyərlərə uyğun təşkili xüsusi əhəmiyyət daşıyır. Xarici ideoloji mərkəzlərin dini amildən istifadə edərək cəmiyyətdə ziddiyyət yaratmağa, xüsusilə də dünyagörüşü hələ formalaşmaqda olan uşaqlara təsir göstərməyə çalışması diqqətdən kənarda qalmamalıdır. Prezident İlham Əliyev belə cəhdlərin məqsədini aydın ifadə edib: “Birliyimizi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”.
Dövlət ümumi təhsil müəssisələrində şagirdlərin vahid geyim formasına əməl etməsi bərabərlik, nizam-intizam və məktəbə mənsubiyyət hissinin möhkəmlənməsinə xidmət edir. Forma şagirdlər arasında geyimin qiyməti və dəbi ilə bağlı fərqləri azaltmağa, diqqətin təhsilə yönəlməsinə kömək edir. Müəllimlərin səliqəli, sadə və işgüzar geyim tərzinə riayət etməsi isə onların peşəkar mövqeyini, məktəbin nüfuzunu və sağlam təhsil mühitini dəstəkləyir.
Bu məsələlər hüquqi əsaslara da söykənir. “Ümumi təhsil haqqında” Qanunda milli xarakter və dünyəvilik ümumi təhsilin əsas prinsiplərindən biri kimi müəyyən edilib. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli qərarı şagird geyim formalarına, 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı isə təhsilverənlərin geyiminə dair tələbləri müəyyənləşdirir. Bu tələblərdə geyimin səliqəli, təmiz, sadə və uyğun olması, dünyəvilik prinsipinə zidd elementlər daşımaması nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə pedaqoji şuranın qərarı əsasında milli geyimdən və onun elementlərindən istifadə edilə bilər.
Dini etiqad azadlığı ilə dünyəvi təhsil prinsiplərini bir-birinə qarşı qoymaq doğru deyil. Azərbaycan dini və milli-mənəvi dəyərlərə hörmətlə yanaşan, müxtəlif dinlər arasında qarşılıqlı anlaşmanı qoruyan dünyəvi dövlətdir. Ölkəmizdə müsəlman qadınların hicab taxmasına və dini həyat tərzi seçməsinə qadağa qoyulmayıb. Bununla yanaşı, məktəb uşaqların dünyagörüşünün formalaşdığı ictimai məkan olduğundan, onların hər hansı dini-ideoloji təzyiqdən qorunması da vacibdir. “Uşaq hüquqları haqqında” Qanunun 19.2-ci maddəsi valideynlərin uşaqlarını dini etiqadlarına uyğun tərbiyə etmək hüququnu tanıyır, lakin uşağın hər hansı dinə etiqad etməyə məcbur edilməsini qadağan edir.
Uşaqların dini seçimləri məsələsinə onların yaşını, düşüncə və dünyagörüşünün hələ formalaşmaqda olduğunu nəzərə alaraq yanaşmaq lazımdır. Məqsəd dini inancı məhdudlaşdırmaq deyil, uşağın sərbəst inkişafını təmin etmək, onu məcburiyyətdən və radikal ideoloji təsirlərdən qorumaqdır. Vahid məktəbli forması da dini ayrı-seçkilik vasitəsi kimi deyil, məktəbdə bərabərliyi və dünyəvi təhsil mühitini qoruyan qayda kimi qiymətləndirilməlidir.
Azərbaycanın dini irsə münasibəti də dünyəviliklə milli-mənəvi dəyərlərin qorunmasının uzlaşdığını göstərir. İşğaldan azad edilmiş ərazilərdə 67 məscidin bərpası, ölkənin müxtəlif bölgələrində tarixi dini abidələrin yenidən qurulması, dini icmalara və din xadimlərinə dəstək bu qayğının nümunələridir. 2020–2025-ci illərdə bir sıra məscid və ziyarətgahlar bərpa olunub, 2025-ci ildə Mərdəkan Pir Həsən ziyarətgahı və Əmircan İmam məscidinin bərpası üçün vəsait ayrılıb, 2026-cı ildə isə Gəncədə Cümə (Şah Abbas) məscidində bərpa işlərinə başlanılıb. Şuşa, Cəbrayıl, Füzuli və Laçında yeni məscidlərin tikintisi də dini-mədəni irsin qorunmasına xidmət edir.
Dövlətin dini təhsilə və maarifləndirməyə dəstəyi, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyəti, məscidlərdə kitabxanaların yaradılması və ölkəmizin beynəlxalq dinlərarası dialoq təşəbbüslərində iştirakı dini biliklərin və qarşılıqlı hörmətin inkişafına yönəlib. Bu yanaşma göstərir ki, dini dəyərlərin qorunması ilə cəmiyyətin dünyəvi əsaslarla inkişafı bir-birinə zidd deyil.
Məncə, məktəb geyimi ətrafında aparılan müzakirələrdə diqqətimizi yalnız geyimin özünə deyil, onun arxasında dayanan məqsədə yönəltməliyik. Əsas məsələ uşaqların özlərini məktəb mühitində bərabər hiss etməsi, təhsilə daha ciddi yanaşması, milli-mənəvi dəyərlərə hörmət ruhunda yetişməsi və kənar təsirlər qarşısında düşünülmüş seçim edə bilməsidir. Çünki gələcəyin savadlı, vətənpərvər və müstəqil düşüncəli gənclərini yetişdirmək yalnız məktəbin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. İdeoloji təhlükəsizliyin təməli də məhz maarifli insan, sağlam düşüncə və milli birliyə bağlılıq üzərində qurulur.
Həcərxanım Vəliyeva ,
YAP fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



