
Müasir dövrdə siyasi partiyaların qarşısında dayanan əsas vəzifələrdən biri dəyişən dünyanın çağırışlarına uyğun fəaliyyət göstərmək, cəmiyyətin inkişafına töhfə vermək və vətəndaşlarla davamlı ünsiyyəti gücləndirməkdir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının qurultayı təşkilati fəaliyyətin təkmilləşdirilməsi, yeni təşəbbüslərin irəli sürülməsi və gələcək prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma hesab olunur.
Qarşıdakı dövrdə ölkəmizin davamlı inkişafının təmin edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, sosial rifahın yüksəldilməsi, təhsilin keyfiyyətinin artırılması və gənclərin potensialından səmərəli istifadə olunması xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlərə nail olmaq üçün hər bir vətəndaşın fəallığı, təşəbbüskarlığı və ictimai məsuliyyəti vacibdir.
Partiyanın fəaliyyəti yalnız siyasi proseslərdə iştirakla məhdudlaşmamalı, eyni zamanda, insanların problemlərinin öyrənilməsi, onların həlli istiqamətində təşəbbüslərin dəstəklənməsi və cəmiyyətin bütün təbəqələri ilə sıx əlaqələrin qurulması ilə müşayiət olunmalıdır. Xalqın etimadını qorumaq üçün məsuliyyətli fəaliyyət, şəffaflıq və vətəndaş məmnunluğu daim diqqət mərkəzində saxlanılmalıdır.
Gənclər – Azərbaycanın sabahına aparan yol
Azərbaycan gəncliyi ölkəmizin gələcəyini müəyyən edən əsas qüvvələrdən biridir. Bu gün gənclərin təhsil alması, peşəkar inkişafı, dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirakı üçün yaradılan imkanlar ölkənin gələcək inkişafına mühüm töhfə verir.
Yeni Azərbaycan Partiyasının gənclərlə iş istiqaməti vətənpərvər, savadlı, təşəbbüskar və məsuliyyətli nəslin yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Gənclər yalnız gələcəyin deyil, həm də bu günün fəal iştirakçılarıdır. Onların ideyalarının dinlənilməsi, təşəbbüslərinin dəstəklənməsi və qərarların qəbulunda iştirak imkanlarının genişləndirilməsi cəmiyyətin inkişafına müsbət təsir göstərir.
Azərbaycan gəncliyi Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqla öz gücünü və fədakarlığını bütün dünyaya nümayiş etdirmişdir. İndi isə gənclərin üzərinə düşən mühüm vəzifələrdən biri həmin qəhrəmanlıq ənənələrini elm, təhsil, innovasiya, sahibkarlıq və ictimai fəaliyyət sahələrində davam etdirməkdir.
Gənclərin milli-mənəvi dəyərlərə bağlılığı, dövlətçilik ənənələrinə hörməti və müasir biliklərə yiyələnməsi Azərbaycanın gələcək uğurlarının etibarlı təminatıdır. Hər bir gənc öz fəaliyyəti ilə ölkəsinin inkişafına töhfə verməli, Azərbaycanın adını yüksəltməyi qarşısına məqsəd qoymalıdır.
Elçin İbrahimov,
YAP Şabran rayon təşkilatının məsləhətçisi



