
Dağ-mədən sənayesi böyük həcmli kapital qoyuluşları tələb edən sahələrdən biridir. Yataqların kəşfiyyatı, qiymətləndirilməsi, hasilata hazırlanması, mədən infrastrukturu, zənginləşdirmə və emal müəssisələrinin qurulması uzunmüddətli investisiya tələb edir. Buna görə 2027–2030-cu illər Dövlət Proqramının icrasında dövlət və özəl sektor arasında əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında proqramın maliyyə təminatının müəyyən edildiyi və dövlətin proqramı istənilən halda icra edəcəyi bildirilib. Eyni zamanda yerli və xarici investorların iştirakı üçün imkanların açıq olduğu qeyd olunub.
İnvestorların bu sahəyə marağının formalaşmasında əsas məsələlərdən biri layihələrin iqtisadi əsaslandırılmasıdır. Geoloji ehtiyatların dəqiq müəyyənləşdirilməsi, hasilat xərclərinin hesablanması, dünya bazarlarındakı qiymətlərin təhlili və məhsulun satış imkanları investisiya qərarlarının mühüm komponentləridir. Dövlət Proqramında yataqların müasir geoloji üsullarla yenidən qiymətləndirilməsinə diqqət yetirilməsi bu baxımdan əhəmiyyətlidir. Daha dəqiq geoloji məlumat investorlar üçün risklərin qiymətləndirilməsini asanlaşdıra bilər.
Özəl sektorun iştirakı yalnız maliyyə resurslarının cəlb edilməsi baxımından əhəmiyyət daşımır. Xarici investorlar vasitəsilə yeni texnologiyaların, idarəetmə təcrübəsinin və beynəlxalq istehsal standartlarının ölkəyə gətirilməsi də mümkündür. Dövlət başçısının çıxışında xarici tərəfdaşlarla əməkdaşlığa müsbət münasibət ifadə olunub. Eyni zamanda, strateji layihələrdə dövlətin iştirakının qorunması nəzərdə tutulur. Beləliklə, dövlət və özəl sektorun imkanlarının birləşdirilməsi müxtəlif layihələr üzrə çevik investisiya mexanizmlərinin formalaşdırılmasına şərait yarada bilər.
Dağ-mədən sektoruna investisiya həcminin digər sahələrdə iqtisadi aktivliyi artıra bilər. Yeni müəssisələrə avadanlıq, nəqliyyat, tikinti, enerji və müxtəlif xidmətlərin lazım olması yerli şirkətlər üçün əlavə sifariş imkanları yaradır. İstehsal zəncirinin genişlənməsi nəticəsində iqtisadiyyatın müxtəlif sahələri arasında əlaqələr möhkəmlənə bilər. Dövlət Proqramının qarşıya qoyduğu məqsədlər də bu baxımdan yalnız mədən hasilatının artırılmasına deyil, bütövlükdə yeni sənaye ekosisteminin formalaşdırılmasına yönəlib.
Könül Bəkirova,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədri



