AnalitikaGündəm

Müsəlman ölkələri arasında dostluq əlaqələrini gücləndirən real addımlar

Azərbaycanın son illər artan siyasi, iqtisadi və diplomatik imkanları ölkənin beynəlxalq münasibətlər sistemində çəkisini əhəmiyyətli dərəcədə artırıb. Regional proseslərdə daha fəal mövqe tutan, yeni nəqliyyat və enerji layihələri ilə coğrafi əhəmiyyətini genişləndirən, Türk dünyası və İslam aləmi ilə əlaqələrini strateji müstəviyə yüksəldən rəsmi Bakı geniş coğrafiyanın siyasi gündəliyinə təsir edən aktorlardan birinə çevrilib. Amma bu zaman ölkəmizə qarşı informasiya müstəvisində təzyiqlərin artması da müşahidə olunur.

Prezident İlham Əliyevin Bakıda beynəlxalq konfransların iştirakçıları olan din xadimləri ilə görüşündə səsləndirdiyi fikirlər bu baxımdan diqqət çəkir. Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi, TDT-nin müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərini və müşahidəçilərini, Yəhya Bakuvi beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edən dövlət başçısı bildirdi ki, Azərbaycan öz potensialını tam şəkildə işə saldıqca ölkəyə qarşı Qərbdən çirkin media kampaniyası aparılır. Onun sözlərinə görə, Azərbaycan haqqında hər gün yalan, iftira və böhtanla dolu yazılar dərc edilir: “Avropa Şurasında Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Amma biz ki, 2023-cü ilin sentyabrında Qarabağı tam azad etdik, separatçılığın kökünü kəsdik və separatçıları həbs etdik, deməli, ondan dörd ay sonra Avropa Şurası bizə qarşı sanksiya tətbiq etdi. Bax, onların əsl siması budur”. Bu yanaşma, əslində, müasir beynəlxalq siyasətin reallıqlarından birini ortaya qoyur: bu gün dövlətlərin rəqabəti artıq hərbi, siyasi və iqtisadi müstəvilərlə məhdudlaşmır. İnformasiya, media və ictimai rəy də geosiyasi mübarizənin əsas alətlərindən birinə çevrilib. Bir ölkənin beynəlxalq imicinə təsir göstərmək, onun legitimliyini və etibarlılığını şübhə altına almaq, daxildə və xaricdə mənfi təsəvvür formalaşdırmaq bəzən birbaşa siyasi təzyiq qədər təsirli vasitə hesab olunur. Azərbaycanın timsalında informasiya müstəvisində gedən proseslərə bu kontekstdən yanaşmaq mümkündür. Ölkəmizin müstəqil siyasət yürütməsi, müxtəlif güc mərkəzləri arasında balanslı münasibətlər qurmağa çalışması, milli maraqlarını regional və qlobal səviyyədə daha qətiyyətlə müdafiə etməsi müəyyən dairələrin narazılığı ilə qarşılaşır. Bu narazılığın bir hissəsi media platformalarında Azərbaycan haqqında sistemli şəkildə mənfi materialların yayılması formasında özünü açıq biruzə verir.

Belə vəziyyətdə dövlətin siyasi və iqtisadi gücü qədər informasiya dayanıqlığı da mühüm əhəmiyyət daşıyır. Ölkə öz həqiqətlərini beynəlxalq auditoriyaya nə qədər düzgün, operativ və peşəkar çatdıra bilirsə, birtərəfli informasiya kampaniyalarının təsir imkanları da bir o qədər məhdudlaşır. Azərbaycanın qarşısında dayanan əsas vəzifələrdən biri də məhz budur: Əldə edilən nəticələri yalnız daxili auditoriyaya deyil, beynəlxalq ictimaiyyətə də daha sistemli şəkildə təqdim etmək. Bunun üçün diplomatik fəaliyyətlə yanaşı, media, ekspert diplomatiyası, akademik əməkdaşlıq, beynəlxalq tədbirlər və ictimai kommunikasiya imkanlarından səmərəli istifadə edilməlidir.

Burada ortaya digər vacib nüans çıxır: Hazırki vəziyyətdə informasiya mübarizəsi yalnız Azərbaycanla Qərb arasındakı münasibətlər çərçivəsində nəzərdən keçirilməməlidir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm məqam Türk dünyasının, Qafqazın və İslam aləminin birliyinin vacibliyinə dair fikirlərdir. Dövlət başçısının dediyi kimi, bizim birliyimiz hər birimizi gücləndirəcək: “Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”. Bu fikirlər, əslində, Azərbaycanın xarici siyasətinin son illərdə əsas istiqamətlərindən birini açıq və sadə notlarla ifadə edir. Azərbaycan ayrı-ayrı dövlətlərlə ikitərəfli münasibətləri inkişaf etdirməklə yanaşı, daha geniş regional və mədəni-tarixi əməkdaşlıq platformalarının gücləndirilməsinə xüsusi əhəmiyyət verir. Nəticə etibarilə, güclənən Azərbaycanın qarşısında duran əsas məsələ yalnız güc toplamaq deyil, həmin gücü siyasi həmrəyliyə, iqtisadi əməkdaşlığa, informasiya dayanıqlığına, dini vəhdətə və davamlı sülhə çevirməkdir. Çünki müasir dünyada təkcə güclü olmaq kifayət etmir. Əsas məsələ həmin gücü tərəfdaşlıq, birlik və milli maraqlar ətrafında səfərbər edə bilməkdir.

Maya Qənbərova,
YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button