AnalitikaGündəmSiyasət

20 sentyabr – Dövlət Suverenliyimizin təntənəsi günüdür

Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar həm də milli kimliyi və birliyi ifadə edir. Azərbaycan Respublikasında suverenlik və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi müasir dövlət quruculuğu və xalqın rifahı üçün zəmin yaradır.

Dövlət suverenliyi xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və dövlətçilik ideallarının ən ali ifadəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizi azad etdi. Lakin Zəfər yolu 2020-ci illə yekunlaşmadı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Məhz bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirmək məqsədilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

Xankəndinin yeni inkişaf mərhələsində Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Ali təhsil ocağının fəaliyyətə başlaması Azərbaycanın azad edilmiş ərazilərin gələcəyinə dair uzunmüddətli və strateji yanaşmasının göstəricisidir. Universitet gənclərin təhsil aldığı müəssisə olmaqla yanaşı, Qarabağın elmi, intellektual və sosial potensialının inkişafına töhfə verəcək mühüm mərkəz kimi çıxış edir. Xankəndidə beynəlxalq tədbirlərin keçirilməsi, yeni biznes və konqres mərkəzlərinin istifadəyə verilməsi də şəhərin qarşıdakı dövrdə müasir və dinamik inkişaf üçün geniş imkanlara malik olduğunu göstərir.

Suverenliyin tam bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin sülh və inkişaf mərhələsində davam etdiyini göstərir.

Yeni yaşayış məntəqələrinin salınması və insanların doğma yurdlarına qayıtması Böyük Qayıdışın real nəticələrini ortaya qoyur. Qarabağın dirçəldilməsi ilə yanaşı, onun tarixi-mədəni irsinin qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Heydər Əliyev Fondu, Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi, dini və mədəni abidələrin bərpasına mühüm töhfələr verir. Zəfərdən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan bu yol müasir Azərbaycanın qüdrətini və milli iradəsini nümayiş etdirən möhtəşəm tarixdir.

Suverenliyin tam təmin olunması ölkəmiz üçün yeni bir inkişaf erasının qapılarını açdı. İndi azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri sürətlə davam edir. “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına – Laçına, Füzuliyə, Şuşaya, Xocalıya, Cəbrayıla və kəndlərimizə qayıdır, o torpaqlara yenidən həyat bəxş edirlər. Suverenliyimizin bərpası bu ərazilərin yenidən ölkənin iqtisadi, mədəni və sosial həyatına inteqrasiya olunmasını təmin etmişdir.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button