AnalitikaGündəmSiyasət
Trend

Bir günün içində yazılan böyük tarix: Azərbaycan 20 sentyabrda öz suverenliyini tam bərqərar etdi

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində müstəsna əhəmiyyətə malik olan 20 sentyabr, milli qürur və şərəf hissələrimizi təcəssüm etdirən ən parlaq səhifələrdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü kimi təsis edilən bu əlamətdar gün, Azərbaycanın bütün ərazilərində konstitusiya quruluşunun tam bərpa olunmasının və ərazi bütövlüyümüzün yekun təsbitinin rəmzinə çevrilmişdir.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilsə də, Qarabağ iqtisadi rayonunun müəyyən hissəsində qanunsuz erməni silahlı birləşmələri mövcudluğunu saxlayırdı. Bu qanunsuz hərbi varlıq regionda dayanıqlı sülhün bərqərar olunmasına, habelə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə və dinc əhalinin təhlükəsizliyinə ciddi təhdid törədirdi. 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin birləşmələrinin törətdiyi hərbi təxribatlar və mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması cavab tədbirlərini qaçılmaz etdi.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri cəmi 24 saat davam edərək sentyabrın 20-də uğurla başa çatdı. Yüksək dəqiqlik və peşəkarlıqla yürüdülən bu əməliyyat zamanı mülki əhaliyə və infrastruktura heç bir zərər vurulmadan separatçı rejim tamamilə tərksilah edildi və süquta uğradıldı. Sentyabrın 20-də əldə olunmuş razılaşmaya əsasən qanunsuz silahlı dəstələr silahı yerə qoydu, mövqelərdən çıxarıldı və Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi qəti olaraq bərpa olundu.

Bu tarixi zəfərlə Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Ağdərə kimi qədim yaşayış məskənlərimizdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldıldı. 20 sentyabr tarixi yalnız hərbi və siyasi uğur kimi deyil, həm də beynəlxalq hüququn və ədalətin zəfəri kimi tarixdə yer aldı. BMT-nin uzun illər kağız üzərində qalan qətnamələri Azərbaycan dövlətinin öz iradəsi və gücü ilə tam icra olundu, ölkəmizin xəritəsindəki bütün “boz zonalar” ləğv edildi.

Bu gün Azərbaycan öz sərhədlərinə tam nəzarət edən, bütün ərazisində öz konstitusiyasını və qanunlarını tətbiq edən tam suveren, qüdrətli bir dövlətdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın sarsılmaz həmrəyliyinin, rəşadətli ordumuzun gücünün və dövlət rəhbərliyinin qətiyyətli siyasətinin təntənəsidir. Bu gün müasir Azərbaycan dövlətçiliyinin ən uca zirvələrindən biri olaraq gələcək nəsillərə böyük qürur və ilham mənbəyi kimi irs qalacaqdır.

İldırım Eyvazlı,
YAP Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button