
Hər bir dövlət rəhbərinin tarix qarşısındakı ən böyük xidməti gələcək nəsillərə qoyub getdiyi irslə ölçülür. Bu baxımdan, 20 sentyabr 2023-cü ildə əldə edilən tam dövlət suverenliyi Prezident İlham Əliyev tərəfindən Azərbaycanın gələcək nəsillərinə bəxş edilmiş ən müqəddəs və qiymətli mirasdır. Liderin ən böyük uzaqgörənliyi ondan ibarətdir ki, o, uzun illər davam edən, ölkənin enerjisini tükədən münaqişəni övladlarımızın çiyninə bir yük kimi saxlamadı, onu cəsarətlə və əbədi olaraq həll etdi.
Tarix boyu müxtəlif xarici güclərin müdaxiləsi ilə torpaqlarını itirmək təhlükəsi ilə üzləşən xalqımız, məhz Prezident İlham Əliyev sayəsində bu məğlubiyyət sindromunu qalibiyyət fəlsəfəsi ilə əvəz etdi. Bu gün məktəblərdə, universitetlərdə təhsil alan gənclərimiz artıq işğal altındakı torpaqların dərdi ilə deyil, qalib, bütöv və suveren bir dövlətin qürurlu vətəndaşları kimi böyüyürlər. Bu, millətin psixologiyasında baş verən ən müsbət və tarixi inqilabdır.
Ölkəmizin hər bir guşəsində dövlət bayrağımızın əzəmətlə dalğalanması gənc nəslə azadlığın və müstəqilliyin nə qədər müqəddəs olduğunu aşılayır. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, əldə etdiyimiz bu tarixi zəfəri, tam suverenliyimizi və milli müstəqilliyimizi qorumaq məhz gələcək nəsillərin ən ali vəzifəsidir. Formalaşan yeni, vətənpərvər cəmiyyət bu mirası göz bəbəyi kimi qorumağa hazırdır.
Dövlət Suverenliyi Günü təkcə bir münaqişənin sonu deyil, qüdrətli, dayanıqlı və müasir Azərbaycanın əbədi başlanğıcıdır. Xalqımız fəxr edir ki, onun gələcəyini Prezident İlham Əliyev kimi qətiyyətli Lider müəyyən edir və yaratdığı Bütöv Azərbaycan əsrlər boyu yaşayaraq regionun ulduzuna çevriləcəkdir.
Lətifə Nəsirova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Sabir küçəsi, 61” ərazi partiya təşkilatının sədr müavini



