
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun birgə təşkilatçılığı ilə 20 Sentyabr- Dövlət Suverenliyi və “Neftçilər Günü” peşə bayramı münasibətilə “Milli suverenlik və neft strategiyası” adlı tədbir keçirilib.
YAP Yasamal təşkilatında keçirilən tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov, AMEA Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Sənan Həsənov, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə şurasının sədri Fərhad Qaraşov, Respublika Diaqmostika Mərkəzinin baş direktoru Rəşid Vəzirov, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Aynur Poluxova, Bakı şəhər Narkoloji Dispanserinin baş həkimi Qalib Məmmədov, YAP Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və “Neftqazelmitədqiqatlayihə” İnstitutunun əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, rayon ictimaiyyəti və fəal gənclər iştirak edib.
Tədbirin rəsmi hissəsindən öncə tədbir iştirakçıları tərəfindən Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirələri anılıb. Sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Dövlət Suverenliyi Günü” və “Neftçilər Günü” peşə bayramı ilə əlaqədar videoçarx nümayiş edilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycanın müasir dövlətçilik tarixində milli suverenliyin möhkəmləndirilməsi ilə neft strategiyasının həyata keçirilməsi bir-biri ilə sıx bağlı olan strateji proseslərdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası Azərbaycanın zəngin enerji ehtiyatlarının milli maraqlara uyğun şəkildə dövriyyəyə cəlb edilməsinə və müstəqil dövlətin iqtisadi dayaqlarının möhkəmləndirilməsinə yönəlmişdir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın müstəqil enerji siyasətinin başlanğıcında mühüm tarixi hadisəyə çevrilmişdir. Bu strategiya ölkəyə xarici sərmayələrin cəlb olunmasına, enerji resurslarının dünya bazarlarına çıxarılmasına və dövlətin iqtisadi imkanlarının genişlənməsinə şərait yaratmışdır. İqtisadi gücün artması Azərbaycanın milli suverenliyinin siyasi və strateji dayaqlarının möhkəmlənməsinə mühüm töhfə vermişdir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu neft strategiyası yeni enerji layihələri və beynəlxalq əməkdaşlıq formatları ilə davam etdirilərək Azərbaycanın regional və beynəlxalq mövqelərini daha da gücləndirmişdir. Məhz formalaşan iqtisadi və siyasi potensial Azərbaycan dövlətinin qarşısında duran ən mühüm tarixi vəzifələrdən biri olan ərazi bütövlüyünün bərpası üçün də mühüm zəmin yaratmışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyü böyük Zəfərlə bərpa edilmişdir. 2023-cü il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri yerinə yetirmiş və sentyabrın 20-də ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edilmişdir. Beləliklə, Ulu Öndər Heydər Əliyevin neft strategiyası ilə formalaşdırılan iqtisadi güc, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil dövlət siyasəti və Azərbaycan Ordusunun Zəfərləri milli suverenliyin möhkəm əsaslarını tamamlayan vahid dövlətçilik xəttini formalaşdırmışdır. Bu baxımdan 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması həm milli suverenliyin bərpasının, həm də müasir Azərbaycan dövlətçiliyinin gücünün rəmzi ifadəsidir.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov çıxış edərək qeyd edib ki, milli suverenliyin möhkəm və davamlı olması üçün siyasi iradə ilə yanaşı, güclü iqtisadi baza və milli sərvətlər üzərində müstəqil siyasət mühüm əhəmiyyət daşıyır. Azərbaycanın neft strategiyası məhz bu baxımdan milli suverenliyin iqtisadi əsaslarını formalaşdıran mühüm dövlətçilik siyasəti kimi tarixə daxil olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın enerji sərvətlərinin ölkənin inkişafına və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə yönəldilməsində dönüş nöqtəsi olmuşdur. Neft strategiyası nəticəsində Azərbaycanın iqtisadi imkanları genişlənmiş, beynəlxalq enerji layihələrində rolu artmış və ölkənin regional geosiyasi əhəmiyyəti güclənmişdir. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan neft strategiyasının davam etdirilməsi Azərbaycanın enerji, iqtisadiyyat və infrastruktur sahələrində yeni imkanlar qazanmasına səbəb olmuşdur. Beləliklə, neft strategiyası ilə milli suverenlik arasında qarşılıqlı əlaqə Azərbaycanın müasir dövlətçilik modelinin mühüm xüsusiyyətlərindən birinə çevrilmişdir. Güclü iqtisadi potensial və ardıcıl dövlət siyasəti Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək üçün zəruri imkanlarını daha da artırmışdır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə keçirilən 44 günlük Vətən müharibəsi və Azərbaycan Ordusunun tarixi Zəfəri nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edilmiş və ölkəmizin ərazi bütövlüyü bərpa olunmuşdur. 2023-cü il sentyabrın 19-da başlanan lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının dövlət suverenliyi tam təmin edilmişdir. Bu tarixi hadisə Azərbaycan dövlətinin öz ərazisində konstitusiya quruluşunu və qanunun aliliyini tam təmin etdiyini nümayiş etdirmişdir. Beləliklə, neft strategiyası ilə yaradılan iqtisadi güc, milli suverenliyi müdafiə edən siyasi iradə və Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərlər müasir Azərbaycan dövlətçiliyinin bir-birini tamamlayan mərhələlərini təşkil edir.
“Neftqazelmitədqiqatlayihə” İnstitutunun direktoru Nüsrət Əliyev çıxış edərək qeyd edib ki, Azərbaycanın neft strategiyası ilə milli suverenliyinin möhkəmləndirilməsi müstəqillik tariximizin müxtəlif mərhələlərini bir-birinə bağlayan vahid dövlətçilik konsepsiyasıdır. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində formalaşdırılan neft strategiyası Azərbaycanın təbii sərvətlərinin xalqın və dövlətin milli maraqlarına xidmət etməsi üçün möhkəm hüquqi, iqtisadi və siyasi zəmin yaratmışdır. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dünya enerji məkanında özünəməxsus mövqeyinin formalaşmasına və iqtisadi müstəqilliyinin güclənməsinə mühüm təkan vermişdir. Buna görə də neft strategiyasını yalnız enerji siyasəti deyil, həm də milli suverenliyin iqtisadi dayaqlarından biri kimi qiymətləndirmək mümkündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu strategiyanın ardıcıl davam etdirilməsi Azərbaycanın iqtisadi və siyasi gücünün daha da artmasına, enerji layihələrinin genişlənməsinə və ölkənin regional əhəmiyyətinin yüksəlməsinə səbəb olmuşdur. Məhz güclü dövlət və güclü iqtisadiyyat modeli Azərbaycanın milli maraqlarının müdafiəsində daha geniş imkanlar formalaşdırmışdır. Bu dövlət gücü Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdə öz parlaq ifadəsini tapmışdır. 2023-cü il sentyabrın 19-da həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin qalıqları tərksilah edilmiş və Azərbaycan Respublikasının konstitusiya quruluşu həmin ərazilərdə bərpa olunmuşdur. Beləliklə, 1994-cü ildə neft strategiyası ilə möhkəmləndirilən iqtisadi müstəqillik sonrakı illərdə güclü dövlət modelinin formalaşmasına, bu dövlət gücü isə ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasına xidmət edən mühüm amillərdən birinə çevrilmişdir.
Çıxışlardan sonra fəxri fərmalar və hədiyyələr təqdim edilib, Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. Sonda xatirə şəkli çəkdirilib.














