GündəmSosial

BDU-da “Suveren Azərbaycan-Qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib

YAP Yasamal rayon təşkilatı, Bakı Dövlət Universiteti və BDU-da fəaliyyət göstərən “YENİ Klub”un birgə təşkilatçılığı ilə “Suveren Azərbaycan-Qürurumuz, Zəfərimiz” mövzusunda tələbələrlə görüş keçirilib.

 

BDU-nun Heydər Əliyev muzeyində baş tutangörüşün qonağı Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov olub.

 

Çıxış edən BDU-da fəaliyyət göstərən “YENİ Klub”un sədri Asif Əliyev görüş iştirakçılarıı salamlayaraq qeyd edib ki, Azərbaycan xalqının ən böyük milli sərvətlərindən biri müstəqil, qüdrətli və suveren dövlətə sahib olmasıdır. Dövlət suverenliyi xalqımızın əsrlər boyu yaşatdığı azadlıq və dövlətçilik ideallarının ən ali ifadəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər qazanaraq işğal altında olan ərazilərimizi azad etdi. Lakin Zəfər yolu 2020-ci illə yekunlaşmadı və Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etmək istiqamətində qətiyyətli addımlarını davam etdirdi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Məhz bu tarixi hadisənin əhəmiyyətini əbədiləşdirmək məqsədilə 20 Sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd olunur.

 

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki,  Azərbaycanın müasir tarixində Zəfər, suverenlik və Böyük Qayıdış bir-birini tamamlayan böyük tarixi mərhələlərdir. Bu tarixi yolun təməlində xalqımızın milli iradəsi, dövlətimizin qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı dayanır. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Qələbə qazanaraq torpaqlarımızın işğalına son qoyulması istiqamətində həlledici nəticələr əldə etdi. Şuşanın azad olunması ilə Zəfərimizin ən parlaq səhifələrindən biri yazıldı və xalqımızın milli qüruru daha da yüksəldi. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri isə Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin tam bərpasını təmin etdi. Bu tarixi hadisə Azərbaycan dövlətçiliyinin çoxəsrlik salnaməsində xüsusi yer tutur. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi təsis edilməsi bu mühüm tarixi hadisəyə verilən yüksək siyasi və mənəvi qiymətin ifadəsidir. Dövlət Suverenliyi Günü xalqımızın öz dövlətinə, ərazi bütövlüyünə və müstəqilliyinə bağlılığının rəmzinə çevrilmişdir. Suverenliyin tam bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin sülh və inkişaf mərhələsində davam etdiyini göstərir. Yeni yaşayış məntəqələrinin salınması və insanların doğma yurdlarına qayıtması Böyük Qayıdışın real nəticələrini ortaya qoyur. Qarabağın dirçəldilməsi ilə yanaşı, onun tarixi-mədəni irsinin qorunması da dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Heydər Əliyev Fondu, Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanınrəhbərliyi ilə tarixi, dini və mədəni abidələrin bərpasına mühüm töhfələr verir. Zəfərdən suverenliyə, suverenlikdən Böyük Qayıdışa uzanan bu yol müasir Azərbaycanın qüdrətini və milli iradəsini nümayiş etdirən möhtəşəm tarixdir.

 

Yeni Azərbaycan Partiyası Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Səfərov çıxış edərək qeyd edib ki, suveren Azərbaycan anlayışı xalqımızın milli iradəsini, dövlətçilik qürurunu və tarixi Zəfərini özündə birləşdirən böyük məna daşıyır. Bu gün ölkəmizin bütün ərazisində Azərbaycan bayrağının dalğalanması xalqımızın uzun illər davam edən mübarizəsinin tarixi nəticəsidir. 2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək tarixi Zəfər qazandı. Bu Qələbə Azərbaycan xalqının milli iradəsinin və dövlətimizin gücünün bütün dünyaya nümayişi oldu. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri ilə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə Azərbaycan dövlətinin öz ərazisində tam hüquqi və siyasi hakimiyyətinin təmin olunması baxımından mühüm tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin sərəncamı ilə təsis edilən 20 Sentyabr – Dövlət Suverenliyi Günü xalqımızın bu tarixi Zəfərini hər il böyük qürur hissi ilə qeyd etməsinə imkan verir. Bu əlamətdar tarix şəhidlərimizin müqəddəs xatirəsinə, qazilərimizin fədakarlığına və Azərbaycan Ordusunun qəhrəmanlığına ehtiramın ifadəsidir. Bu gün Zəfərimizin davamı olaraq Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdış prosesi geniş vüsət alır. Dövlətin həyata keçirdiyi nəhəng quruculuq layihələri ilə yanaşı, Heydər Əliyev Fondunun fəaliyyəti də azad edilmiş ərazilərin dirçəldilməsində xüsusi əhəmiyyət daşıyır. Birinci vitse-prezident və Fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə tarixi və dini abidələrin bərpasına göstərilən diqqət Qarabağın mənəvi və mədəni irsinin yenidən canlandırılmasına xidmət edir.

 

Çıxışlardan sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.

 

Sonda xatirə şəkli çəkdirilib.

Oxşar Xəbərlər

Back to top button