AnalitikaGündəmSiyasət

Ermənistan hakimiyyəti revanşist qüvvələri dəstəkləyir

11-12 sentyabr tarixlərində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri növbəti dəfə Qarabağ və Şərqi Zəngəzura səfər ediblər. Səfərdə 58 dövləti və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nümayəndə iştirak edib. Formal baxımdan bu, 2020-ci ildən bəri təşkil olunan 22-ci belə səfərdir və ilk baxışdan bu rəqəm artıq adi protokol təqviminin növbəti bəndi kimi görünə bilər. Lakin baş verənlərin ən diqqətçəkən tərəfi məhz bu səfərlərin artıq adi xarakter almasıdır. Bu, Qarabağın xüsusi siyasi səbəb olmadan səfər edilən, xarici diplomatların akkreditə olunduqları ölkənin digər bölgələri kimi ziyarət etdikləri bir əraziyə çevrildiyini göstərir.

Son illərdə baş verən əsas dəyişiklik də məhz bundan ibarətdir. 2020-ci ildən sonra təşkil olunan ilk səfərlər daha çox şahidlik funksiyası daşıyırdı: dağıntıları, mina təhlükəsini, görüləcək işlərin miqyasını beynəlxalq ictimaiyyətə göstərmək məqsədi güdürdü. Bu, bir növ faktların nümayiş etdirilməsi dili idi – Azərbaycan təxminən otuzillik işğaldan miras qalmış vəziyyəti dünyaya göstərirdi. Bu gün isə səfərlərin məntiqi köklü şəkildə dəyişib. Diplomatlara artıq itirilənlər deyil, yenidən qurulanlar göstərilir. Məhz nümayiş olunan mənzərənin dəyişməsi Qarabağın “postmünaqişə ərazisi” kateqoriyasından çıxaraq “inkişaf ərazisi”nə çevrilməsini təsdiqləyir. Bu səfərlərin arxasında sadə, lakin təsirli diplomatik məntiq dayanır: hadisələri birbaşa müşahidə etmək istənilən siyasiləşdirilmiş interpretasiyanın təsirini azaldır. Onilliklər ərzində Qarabağ ətrafında elə narrativlər sistemi formalaşdırılmışdı ki, region ilk növbədə işğalın, münaqişənin və mübahisəli statusun simvolu kimi təqdim edilirdi. Bu narrativlər üçüncü tərəflərin bəyanatları, lobbi kampaniyaları və bölgəni heç vaxt öz gözləri ilə görməmiş auditoriyaya hesablanmış ritorika vasitəsilə yaradılırdı. Şəxsi müşahidə isə bu konstruksiyanı istənilən əks-təbliğatdan daha sürətlə dağıdır. Bərpa edilmiş Şuşanı gəzən, üç min tələbənin təhsil aldığı Qarabağ Universitetinin fəaliyyətini, yeni nəqliyyat infrastrukturunu və doğma torpaqlarına qayıdan sakinləri görən diplomat artıq başqalarının interpretasiyalarının sadəcə auditoriyası olaraq qalmır. O, özü müstəqil qənaət mənbəyinə çevrilir. Belə müstəqil şahidlərin sayı artdıqca, hər hansı tərəfin narrativ üzərində inhisar imkanları da bir o qədər azalır. Bu baxımdan Azərbaycan artıq Qarabağ üzərində suverenliyini siyasi bəyanatlarla sübut etməyə ehtiyac duymur. Suverenlik idarəçilik, quruculuq, təhsil, iqtisadi fəaliyyət və mədəni irsin qorunması vasitəsilə praktikada həyata keçirilir. Bu gün Bakının əsas diplomatik alətinə çevrilən də məhz ritorika deyil, real fəaliyyətdir.

Xüsusilə diqqətçəkən məqam erməni mediasının xarici diplomatların Şuşa və digər ərazilərdəki səfərini tənqid etməsi və ayrı-ayrı diplomatları hədəfə çevirməsidir. Diplomatik nümayəndələrin Azərbaycanın ərazisində səfər etməsi onların suveren Azərbaycan dövlətinin ərazisində legitim fəaliyyətidir. Buna görə də bu səfərləri “təxribat” kimi təqdim etmək əsassızdır.

Ermənistan mediasının Gəncəsər, Xudavəng və digər dini-mədəni abidələr ətrafında manipulyativ iddiaları da eyni yanaşmanın tərkib hissəsidir. Azərbaycan bütün dini və mədəni irsin qorunmasını, bərpasını və beynəlxalq ictimaiyyətə təqdim edilməsini təmin etdiyini bildirir. Xarici diplomatların bu abidələrlə yerində tanış olması isə əksinə, müxtəlif iddiaların obyektiv şəkildə qiymətləndirilməsi baxımından əhəmiyyətlidir.

Etibar Hacıyev,
YAP Ağstafa rayon təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button