
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətindəki revanşist qüvvələrin reaksiyası qəbuledilməzdir və təəssüf doğurur.
Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın suveren əraziləridir. Xarici diplomatların Azərbaycanın suveren ərazisində səfərdə olmalarına qarşı aparılan kampaniya ölkəmizin daxili işlərinə müdaxilə cəhdi olmaqla yanaşı, Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə də ziddiyyət təşkil edir. Diplomatik korpus nümayəndələrinin səfəri Azərbaycanın ərazi bütövlüyünə hörmətin ifadəsidir.
Ermənistan cəmiyyətində Azərbaycan ərazisində yerləşən tarixi və dini abidələrlə bağlı irəli sürülən iddialar da qəbuledilməzdir. Qafqaz Albaniyasının Azərbaycan torpaqlarında mövcudluğu və onun zəngin tarixi-mədəni irsi mühüm tarixi həqiqətdir. Azərbaycan Respublikasının ərazisində yerləşən tarixi və mədəni abidələr dövlət tərəfindən qorunur və onların mühafizəsinə məsuliyyətlə yanaşılır.
Digər tərəfdən, indiki Ermənistan ərazisində Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-mədəni irsin mövcudluğunun inkar edilməsi, azərbaycanlılara məxsus tarixi abidələrin, qəbiristanlıqların, məscidlərin və qədim yaşayış yerlərinin dağıdılması ciddi narahatlıq doğurur. Azərbaycan xalqının tarixi və mədəni izlərinin silinməsinə yönəlmiş belə addımlar mədəni irsin qorunması ilə bağlı beynəlxalq prinsiplərlə bir araya sığmır.
Ermənistanda revanşist qüvvələrin fəallaşması, Azərbaycan əleyhinə kampaniyaların aparılması və qarşıdurma ritorikasının yenidən gündəmə gətirilməsi regionda sülh və etimad mühitinin möhkəmlənməsinə xidmət etmir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində proseslərin getdiyi bir dövrdə bu cür mövqelərin təşviq edilməsi sülh prosesinə mənfi təsir göstərir.
Azərbaycan regionda davamlı sülhün, sabitliyin və əməkdaşlığın tərəfdarıdır. Bunun üçün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməli, daxili işlərə müdaxilədən, revanşist çağırışlardan və qarşıdurmanı təşviq edən ritorikadan imtina olunmalıdır.
Regionun gələcəyi qarşıdurmada deyil, qarşılıqlı hörmətə, suverenliyə və ərazi bütövlüyünə əsaslanan davamlı sülh və əməkdaşlıqdadır.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



