
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri Ermənistan cəmiyyətində və rəsmi dairələrdə qəbuledilməz reaksiyaya səbəb olub. Bu reaksiya təkcə diplomatik etikaya zidd olmaqla qalmayıb, həm də Ermənistanın Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıması ilə açıq ziddiyyət təşkil edir. Qarabağ Azərbaycanın suveren ərazisidir və xarici diplomatların bu ərazidə fəaliyyətinə görə tənqid hədəfinə çevrilməsi, faktiki olaraq Azərbaycanın daxili işlərinə kobud müdaxilə cəhdidir. Diplomatik korpusun səfəri isə əksinə, beynəlxalq birliyin Azərbaycanın ərazi bütövlüyünü birmənalı tanıdığının növbəti təsdiqidir.
Ermənistan tərəfinin konsepsiyasında ikili standartların mövcudluğu diqqəti çəkir: Gəncəsər və Xudavəng kimi abidələr erməni irsi kimi təqdim edilərkən, Azərbaycanın tarixi-mədəni irsinin Qarabağ və Şərqi Zəngəzurdakı mövcudluğu inkar olunur. Eyni zamanda, tarixən Azərbaycan torpaqlarında yaşamış azərbaycanlıların mövcudluğu danılır. Bu yanaşma faktiki olaraq rasist xarakter daşıyır. Analoji vəziyyət Qafqaz Albaniyası irsinə münasibətdə də özünü göstərir – bu irsin Azərbaycan ərazisindəki mövcudluğu dünya tarix elmində sübut olunmuş fakt olsa da, Ermənistan tərəfi bunu inkar etməyə çalışır ki, bu da həqiqətə qarşı dözümsüzlüyün göstəricisidir. Azərbaycan Respublikası ərazisindəki bütün tarixi-mədəni abidələr dövlət tərəfindən qorunur və Azərbaycan xalqına məxsusdur.
Aparılan təhlillər göstərir ki, Qarabağ səfəri ətrafında yaradılan mənfi kampaniyanın arxasında təkcə müxalif qüvvələr deyil, həm də Ermənistan hakimiyyətinə yaxın dairələr dayanır; bir çox paylaşım və yazılar hakim partiyaya yaxın resurslardan yayılıb. Bu kontekstdə Ermənistan parlamenti sədri Ruben Rubinyanın 14 sentyabr tarixli çıxışı da xüsusi qeyd olunmalıdır: parlamentdə 2022-ci il sentyabrında sərhəd təxribatları zamanı həlak olmuş hərbçilərin xatirəsinin yad edilməsi — məhz həmin təxribatları Ermənistan tərəfi törətmişdi və Azərbaycan buna cavab tədbirləri görmək məcburiyyətində qalmışdı – cəmiyyətdə revanşist əhval-ruhiyyəni gücləndirməyə xidmət edən addım kimi qiymətləndirilir.
Bütün bu proseslər rəsmi İrəvanın sülh danışıqlarında səmimi olmadığını bir daha nümayiş etdirir. Ermənistan müharibədə məğlubiyyətə uğradığı üçün sülh prosesinə cəlb olunub və 2023-cü ildən sonra N. Paşinyan hakimiyyətinin sülhə getməkdən başqa alternativi qalmayıb. Bununla belə, hakimiyyətin dolayı dəstəyi ilə aparılan son kampaniya sülh prosesinə qəsdən zərbə vurmaq niyyətini ortaya qoyur.
Ayrıca vurğulanmalıdır ki, Ermənistan Qərbi Azərbaycanda xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəni irsi – tarixi abidələri, qəbiristanlıqları, məscidləri və yaşayış yerlərini sistemli şəkildə dağıdıb və regionun tarixi-mədəni mənzərəsini təhrif etməyə çalışıb. Bu addımlar 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarları ilə müəyyən olunmuş beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir.
Nəticə olaraq, diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətinin verdiyi qeyri-adekvat reaksiya təsadüfi deyil, Ermənistanda hələ də mövcud olan revanşist meyillərin, tarixin təhrifinə əsaslanan siyasətin və sülh prosesinə real bağlılığın olmamasının növbəti təzahürüdür. Beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü tanıması bu reallığı daha da qabarıq şəkildə ortaya qoyur.
Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı



