AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistana dövlət səfəri çərçivəsində Daşkənddə mətbuata verdiyi bəyanat Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsini və gələcək perspektivlərini aydın şəkildə ortaya qoydu. Dövlət başçısının bəyanatı iki ölkə arasındakı münasibətlərin yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmadığını, artıq iqtisadi, investisiya, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm və digər istiqamətləri əhatə edən hərtərəfli tərəfdaşlığa çevrildiyini göstərdi.

Prezident İlham Əliyev çıxışında ilk növbədə Azərbaycan və Özbəkistan xalqları arasında mövcud olan qardaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini vurğuladı. Dövlət başçısının Daşkəndə hər səfərində Özbəkistanın sürətli inkişafının şahidi olduğunu qeyd etməsi, iki ölkənin inkişaf təcrübələrinin və qarşılıqlı əməkdaşlığının nə qədər böyük potensiala malik olduğunu göstərir. Prezidentin sözlərinə görə, Özbəkistan bu gün iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, energetikanın və nəqliyyat infrastrukturunun inkişaf etdiyi, beynəlxalq aləmdə nüfuzu artan bir ölkədir.

Bəyanatda diqqət çəkən əsas məqamlardan biri Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin yeni səviyyəyə yüksəlməsidir. Dövlət başçısı qeyd etdi ki, bir neçə il əvvəl iki ölkə arasında birgə layihələr mövcud olmadığı halda, bu gün artıq bir milyard dollarlıq ticarət dövriyyəsinə çatmaq real hədəf kimi qarşıya qoyulub. Bu göstərici iki ölkənin iqtisadi potensialının bir-birini tamamladığını və qarşılıqlı investisiyaların genişlənməsi üçün ciddi imkanların yarandığını nümayiş etdirir.

Azərbaycan–Özbəkistan əməkdaşlığının mühüm istiqamətlərindən biri də investisiya layihələridir. Prezident İlham Əliyev enerji, nəqliyyat, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı və emal sektorunda həyata keçirilən layihələrə diqqət çəkdi. Eyni zamanda, bankçılıq və neft-qaz sahələrində əməkdaşlığın genişləndirilməsi iki ölkənin iqtisadi əlaqələrinin daha da dərinləşdiyini göstərən mühüm amillərdəndir.

Səfərin mühüm nəticələrindən biri də Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesində fəal iştirakının xüsusi qeyd olunmasıdır. Prezident İlham Əliyev Özbəkistanın Qarabağın dirçəldilməsinə verdiyi töhfələri yüksək qiymətləndirdi. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin inşası və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması qardaş ölkənin Azərbaycanın Böyük Qayıdış prosesinə verdiyi real dəstəyin nümunələridir.

Beləliklə, 23 avqust 2026-cı il Azərbaycan–Özbəkistan əlaqələrinin inkişafında mühüm siyasi və tarixi mərhələ kimi yadda qalacaq. Prezident İlham Əliyevin bəyanatında səslənən fikirlər göstərir ki, Azərbaycan və Özbəkistan arasında qurulan möhkəm dostluq və tərəfdaşlıq gələcəkdə daha geniş layihələr, daha böyük iqtisadi imkanlar və Türk dünyasının güclənməsinə xidmət edən yeni əməkdaşlıq formatları ilə zənginləşəcək.

Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button