
Laçın şəhəri Azərbaycanın Qarabağ bölgəsində, füsunkar təbiətə malik dağlıq ərazidə yerləşir. Strateji mövqeyinə görə tarixən mühüm əhəmiyyət kəsb etmişdir. Şuşa ilə Ermənistan arasında yerləşən Laçın dəhlizi uzun müddət region üçün mühüm tranzit yolu funksiyasını daşıyıb. İşğal dövründə Laçın rayonu və eyniadlı şəhər Ermənistan tərəfindən qeyri-qanuni məskunlaşdırma və mədəni irsə qarşı vandalizm aktlarına məruz qalmışdır. Bu proses beynəlxalq hüquq normalarına və insanlıq prinsiplərinə zidd olaraq həyata keçirilmişdir.
Azərbaycanın dilbər guşələrindən olan Laçın şəhərinin azad edilməsindən 4 il ötür. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Laçın şəhərinin nəzarətə götürülməsi ilə bağlı xalqımıza müjdə verdi. Artıq dördüncü ildir ki, 26 avqust tarixi ölkəmizdə Laçın Şəhəri Günü kimi qeyd olunur.
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması tariximizə qızıl hərflərlə yazılıb. Böyük strateji əhəmiyyətə malik 1 şəhər, 1 qəsəbə və 125 kənddən ibarət Laçın rayonu 1992-ci il may ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.
Laçının işğaldan azad edilməsi Azərbaycanın hərbi və diplomatik qələbəsi oldu. 30 ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna dəfələrlə səfər edib. Hər səfər zamanı Laçın yenidən qurulmasını özündə ifadə edən təməllər atılıb, açılışlar edilib.
Hazırda Laçın şəhərində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin yenidən qurulması, infrastrukturun bərpası, sosial obyektlərin tikintisi, təbii mühitin qorunması və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür. Artıq Laçına köçlər başlayıb və sakinlər öz ata-baba yurdlarına qayıdırlar. Bu proses “Böyük Qayıdış” proqramı çərçivəsində həyata keçirilir və Laçın yenidən əvvəlki həyatına qovuşur.
26 avqust tarixi Laçınlılar və ümumilikdə Azərbaycan xalqı üçün dərin mənəvi və tarixi əhəmiyyətə malikdir. Bu gün həm də şəhidlərimizin xatirəsini anma, onların ruhuna ehtiram göstərmə günüdür. Laçının azadlığı uğrunda canından keçmiş qəhrəmanlarımızın fədakarlığı heç vaxt unudulmayacaq.
Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı



