
21 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq ili çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Mədəniyyət işçiləri”, “Rafiq Alıcanov küçəsi 18”, “Şıxəli Qurbanov küçəsi 19”, “Heydər Əliyev prospekti 4”, “Heydər Əliyev prospekti 38” və “Heydər Əliyev prospekti 50” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə 26 avqust “Laçın şəhəri günü”nə həsr olunmuş tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov qeyd edib ki, Laçın Şəhəri Günü xalqımızın yaddaşında xüsusi yer tutan əlamətdar günlərdən biridir. Bu gün doğma torpağa bağlılığın, milli iradənin, qəhrəmanlığın və Böyük Qayıdışın simvolu kimi böyük əhəmiyyət daşıyır. Laçın Azərbaycanın qədim və zəngin tarixə malik yaşayış məskənlərindən biridir. Özünəməxsus təbiəti, dağları, meşələri və tarixi-mədəni irsi ilə seçilən bu şəhər hər zaman Azərbaycan xalqının ayrılmaz parçası olub. İşğal illərində Laçın sakinləri doğma yurdlarından ayrı düşsələr də, öz torpaqlarına qayıdacaqları günə olan inamlarını itirmədilər.
Daha sonra çıxış edən natiqlər – Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə İsgəndərli, Ağstafa rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Midvari Əmirova, Ağstafa şəhər 3 №-li tam orta ümumtəhsil məktəbin direktor müavini Şəfəq Heydərli, Ağstafa Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı Zeynəb Abadova və Ağstafa rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Nurlanə Zeynalova bildiriblər ki, Laçının azad olunması Azərbaycanın Zəfər tarixinin mühüm səhifələrindən birinə çevrildi. Bu gün Laçında aparılan genişmiqyaslı quruculuq və abadlıq işləri şəhərin yeni inkişaf mərhələsinin əsasını qoyur. Müasir infrastrukturun yaradılması, yaşayış məhəllələrinin salınması və sosial obyektlərin istifadəyə verilməsi Böyük Qayıdış prosesinin uğurla həyata keçirildiyini göstərir. Bu gün Laçın yalnız keçmişin xatirəsi deyil, həm də Azərbaycanın gələcəyə baxışını əks etdirən inkişaf və dirçəliş məkanıdır. Doğma yurda qayıdan sakinlərin sevincinin şahidi olmaq isə bu Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.




