
19 avqust 2026-cı il tarixində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatı tərəfindən “Rafiq Alıcanov 4”, “Rəsulzadə küçəsi 7”, “Şıxəli Qurbanov küçəsi 19” və “Heydər Əliyev prospekti 4” Ərazi Partiya Təşkilatlarından olan partiya fəallarının iştirakı ilə “Zülmətdən işığa çıxan Qarabağ” mövzusunda tədbir keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Ağstafa rayon təşkilatının sədr müavini Yalçın İsmayılov bildirib ki, Qarabağ uzun illər xalqımızın qəlbində həm ağrı, həm də ümid kimi yaşadı. İşğal illərində doğma yurdlarından didərgin düşən insanlar öz torpaqlarına qayıtmaq arzusu ilə yaşadılar. Qarabağın şəhərləri, kəndləri dağıntılara məruz qalsa da, bu torpaqlara bağlılıq heç vaxt sönmədi. 2020-ci ildə Azərbaycan Ordusunun şücaəti və xalqımızın birliyi nəticəsində Qarabağın işğaldan azad olunması tariximizin ən parlaq səhifələrindən birinə çevrildi. Şuşanın azad edilməsi qələbənin rəmzinə çevrildi. Zülmət illərindən sonra Qarabağ yenidən işığa, həyata və ümidə qovuşdu.
Daha sonra çıxış edən natiqlər – “Rafiq Alıcanov ” Ərazi Partiya Təşkilatının sədri Azad Ələkbərov, “Heydər Əliyev prospekti 4” Ərazi Partiya Təşkilatının sədri Sənan Quliyev, partiya fəalları Cavid Əmiraslanov, Akim Namazov və YAP Ağstafa rayon təşkilatının əməkdaşı Tağı İmamverdiyev qeyd ediblər ki, bu gün Qarabağda yeni yollar çəkilir, şəhərlər və kəndlər bərpa olunur, insanların doğma torpaqlarına qayıdışı təmin edilir. Bir vaxtlar susan küçələrdə yenidən həyat canlanır. Qarabağ artıq yalnız keçmişin xatirəsi deyil, gələcəyə inamın simvoludur. “Zülmətdən işığa çıxan Qarabağ” xalqımızın əzmini, birliyini və doğma torpağa sevgisini ifadə edən böyük bir hekayədir. Qarabağın işığı Azərbaycan xalqının qəlbində daim yaşayacaq.




