
Nəsimi rayonunda Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu şəhid kapitan Hüseynzadə Həmidağa Bağının oğlunun doğum günü qeyd olunub.
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Gülarə Verdiyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, YAP Yasamal rayon təşkilatının sədr müavini Elnarə Mustafayeva, Nəsimi Rayon İcra Hakimiyyətinin və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər, müharibə veteranları, Nəsimi və Yasamal rayon ictimaiyyətinin iştirakı ilə şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Qeyd etmək lazımdır ki, Həmidağa Hüseynzadə 28 sentyabr 2020-ci ildə Murovdağ döyüşləri zamanı şəhid olub.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hüseynzadə Həmidağa ölümündən sonra “Vətən uğrunda”, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları və 09.12.2020-ci il tarixli Sərəncamına əsasən “Qarabağ” ordeni ilə təltif olunub.




