GündəmQarabağ və Şərqi ZəngəzurSosial

Qəhrəmanlar unudulmur: Yavər Yusifovun Vətənə sədaqət yolu

Vətən sevgisi insan ömrünün ən ali mənalarından biridir. Bu sevgi bəzən bir ömür boyu insanın yoluna işıq tutur, onu ən çətin sınaqlarda belə doğru qərarlar verməyə sövq edir. Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan qəhrəmanlarımızın həyat yolu da məhz belə müqəddəs Vətən sevgisinin nümunəsidir.

Bu gün Vətənə sədaqəti, hərbi peşəkarlığı, cəsarəti və doğma torpağa sonsuz bağlılığı ilə seçilən qəhrəman zabitlərimizdən biri – kapitan Yusifov Yavər Əmrulla oğlunun anım günüdür.

Əslən Qubadlı rayonundan olan Yavər Yusifov Sumqayıt şəhərində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illərindən hərb sənətinə böyük maraq göstərən Yavər gələcək həyatını da bu şərəfli peşəyə həsr etməyi qarşısına məqsəd qoymuşdu. Orta məktəbi bitirdikdən sonra hərbi təhsil almaq üçün Rusiyanın Simferopol Ali Hərbi-Siyasi Məktəbinə daxil olmuş və burada yüksək səviyyəli hərbi hazırlıq keçmişdi.

Peşəkar zabit kimi keçmiş Sovet İttifaqının müxtəlif respublikalarında və hərbi hissələrində xidmət edən Yavər Yusifov özünün yüksək intizamı, nümunəvi davranışı, hərbi bilik və bacarığı ilə seçilirdi. Hərb sənətinə böyük sevgisi və peşəsinə məsuliyyətli münasibəti onun gənc zabit kimi komandanlığın diqqətini cəlb etməsinə səbəb olmuş, xidmətdə fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdü.

Lakin Azərbaycanın taleyinin həll olunduğu ağır tarixi dönəm Yavər Yusifovun həyatında yeni və daha məsuliyyətli mərhələnin başlanmasına səbəb oldu.

1987-ci ildə Gürcüstanın Kutaisi şəhərində yerləşən hərbi hissələrdən birində xidmət edən Yavər ölkəsində baş verən hadisələri diqqətlə izləyirdi. Azərbaycana qarşı təxribat xarakterli Sumqayıt hadisələri, ardınca Qarabağda və ətraf rayonlarda cərəyan edən proseslər, erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarına qarşı təcavüzü onu Vətəndən uzaqda qalmağa imkan vermədi.

O, seçim etdi – Vətənə qayıtmalı və illər ərzində qazandığı hərbi bilik və təcrübəsini Azərbaycanın müdafiəsinə sərf etməli idi.

Azərbaycana qayıtdıqdan sonra müxtəlif hərbi hissələrdə xidmət edən Yavər Yusifov öz zəngin hərbi təcrübəsini şəxsi heyətə ötürür, gənc hərbçilərin hazırlanmasına xüsusi diqqət yetirirdi. Qubadlı, Füzuli, Cəbrayıl və digər rayonlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edərək cəsarəti, qətiyyəti və peşəkarlığı ilə seçilirdi.

Yavər Yusifovu əsgər və zabitlər arasında sevdirən əsas xüsusiyyətlərdən biri də onun insanlara münasibəti idi. O, tabeliyində olan hərbi qulluqçulara xüsusi diqqət və qayğı göstərir, onların mənəvi ruhuna, döyüş hazırlığına və təhlükəsizliyinə həssaslıqla yanaşırdı. Sərt və tələbkar komandir olmaqla yanaşı, tabeliyində olanların qayğısını çəkən, onların etimadını qazanan zabit idi.

Onun üçün zabitlik yalnız peşə deyil, Vətən qarşısında müqəddəs borc idi.

Yavər Yusifovun ən böyük arzusu isə doğma Qubadlının azadlığına şahid olmaq idi. Ata-babalarının yurdu olan Qubadlı onun qəlbində xüsusi yer tuturdu. İşğal altında olan torpaqlarımızın azad edilməsi, Vətən uğrunda şəhid olmuş döyüş yoldaşlarının ruhunun rahatlıq tapması onun ən müqəddəs arzularından idi.

Təəssüf ki, taleyin hökmü bu arzunun gerçəkləşdiyi günü ona görməyə imkan vermədi.

16 avqust 2001-ci ildə xidməti vəzifəsini yerinə yetirərkən kapitan Yavər Yusifov həyatdan köçdü.

Onun ömrü yarımçıq qalsa da, Vətən sevgisi və əməlləri yarımçıq qalmadı.

İllər sonra onun arzuladığı gün gəldi. 2020-ci ildə Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə apardığı 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Ardınca Qubadlı şəhəri və rayonun kəndləri də düşmən işğalından azad olunaraq doğma sakinlərinə qovuşmaq yoluna qədəm qoydu.

Yavər bu tarixi günləri görə bilmədi. Lakin onun uğrunda mübarizə apardığı Qubadlı bu gün azaddır.

Bu gün doğma Qubadlının səmasında Azərbaycan bayrağı dalğalanır. Bu gün vaxtilə işğal altında olan torpaqlarımızda quruculuq və yenidənqurma işləri aparılır, həyat yenidən canlanır. Bu gün Vətən uğrunda mübarizə aparan, öz ömrünü bu müqəddəs amala həsr edən insanların arzuları gerçəyə çevrilir.

Bəlkə də qəhrəmanların ölümsüzlüyü məhz bundadır. Onlar fiziki olaraq aramızda olmasalar da, Vətən üçün gördükləri işlər, qoyduqları iz və uğrunda mübarizə apardıqları ideallar yaşayır.

Yavər Yusifov da belə qəhrəmanlarımızdandır.

O, Qubadlının azadlığını görmədi, amma onun uğrunda mübarizə apardı. Bu gün azad Qubadlı onun və onun kimi Vətən yolunda fədakarlıq göstərən qəhrəmanlarımızın ruhuna ən böyük ehtiram nümunəsidir.

Qəhrəmanlar unudulmur.

Onların adı tarixdə, xatirəsi insanların qəlbində, Vətən sevgisi isə gələcək nəsillərin yaddaşında yaşayır.

Kapitan Yavər Yusifovun həyat yolu bir daha göstərir ki, Vətənə xidmət üçün ömür uzunluğu deyil, ömrün hansı amal uğrunda yaşanması əsasdır.

Onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, qarşısında baş əyirik.

Allah kapitan Yavər Yusifova və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün qəhrəmanlarımıza rəhmət eləsin.

Ruhları şad olsun!

Oxşar Xəbərlər

Back to top button