AnalitikaGündəmSosial

1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü 

Azərbaycan dili milli birliyimizin və dövlət müstəqilliyimizin mənəvi dayağıdır. Xalqın milli kimliyini yaşadan, onun tarixini, mədəniyyətini və mənəvi dəyərlərini gələcək nəsillərə ötürən ən mühüm amil ana dilidir. Dil sadəcə ünsiyyət vasitəsi deyil, xalqın düşüncə tərzini, milli yaddaşını və mənəvi irsini yaşadan əvəzsiz sərvətdir. Azərbaycan xalqı əsrlər boyu müxtəlif tarixi sınaqlarla üzləşsə də, ana dilini qorumaqla öz milli varlığını və özünüdərkini saxlamağı bacarmışdır. Məhz buna görə də hər il 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir və bu tarix xalqımızın dilə olan ehtiramının ifadəsinə çevrilir.

Azərbaycan dili zəngin söz ehtiyatına, yüksək ifadə imkanlarına və özünəməxsus ahəngə malik olan qədim dillərdəndir. Bu dil yüzilliklər boyu böyük şairlərin, yazıçıların və mütəfəkkirlərin yaradıcılığı ilə daha da zənginləşmiş, xalqımızın milli-mədəni irsinin ayrılmaz hissəsinə çevrilmişdir. Azərbaycan dilində yaranmış zəngin ədəbi irs təkcə milli sərvət deyil, həm də dünya mədəniyyətinə verilmiş mühüm töhfələrdəndir.

Lakin tariximizin müəyyən dövrlərində ana dilimizin inkişafı ciddi çətinliklərlə üzləşmişdir. Sovet dövründə vahid dil siyasətinin həyata keçirilməsi nəticəsində milli dillərin ictimai mövqeyinin zəiflədilməsi istiqamətində müxtəlif tədbirlər görülürdü. Belə mürəkkəb siyasi şəraitdə Azərbaycan dilinin hüquqlarını müdafiə etmək böyük cəsarət və uzaqgörənlik tələb edirdi. Bu məsuliyyəti öz üzərinə götürən Ümummilli Lider Heydər Əliyev milli maraqları hər şeydən üstün tutaraq ana dilimizin dövlət dili kimi tanınması uğrunda ardıcıl mübarizə apardı.

1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə müddəanın daxil edilməsi həmin dövr üçün olduqca mühüm siyasi hadisə idi. Bu addım milli şüurun güclənməsinə, xalqın öz dilinə inamının artmasına və gələcək dövlətçilik ənənələrinin möhkəmlənməsinə mühüm təsir göstərdi. Ulu Öndərin qətiyyətli mövqeyi nəticəsində Azərbaycan dili hüquqi təminat qazandı və milli dəyərlərimizin qorunması istiqamətində mühüm mərhələ başlandı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dil siyasəti yeni inkişaf mərhələsinə qədəm qoydu. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da ana dilimiz müstəqil dövlətin əsas atributlarından biri kimi hüquqi status qazandı. Sonrakı dövrdə qəbul olunan qanunlar və normativ aktlar dövlət dilinin tətbiq dairəsini daha da genişləndirdi.

2001-ci ildə imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin sənəd dövlət idarəçiliyində, təhsildə, elmdə, mədəniyyətdə və informasiya məkanında Azərbaycan dilinin mövqeyinin möhkəmləndirilməsinə geniş imkanlar yaratdı. Eyni zamanda Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının yaradılması dil siyasətinin sistemli şəkildə həyata keçirilməsinə xidmət etdi.

Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis olunması isə milli-mənəvi dəyərlərimizin qorunmasına verilən yüksək qiymətin bariz nümunəsidir. Bu əlamətdar gün hər il ölkəmizdə müxtəlif elmi, mədəni və maarifləndirici tədbirlərlə qeyd olunur, gənclərdə ana dilinə sevgi hissinin gücləndirilməsinə xidmət edir.

Müasir dövrdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dilinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Latın qrafikasında kitabların kütləvi nəşri, elektron informasiya məkanında Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi, dil normalarının qorunması, orfoqrafiya qaydalarının təkmilləşdirilməsi və dövlət proqramlarının qəbul olunması bu sahədə görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir.

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili öz zənginliyi və ifadə imkanları ilə seçilir və onun saflığının qorunması hər bir vətəndaşın borcudur. Xüsusilə kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və gündəlik nitqdə dil normalarına riayət olunması milli kimliyimizin qorunmasının vacib şərtlərindən biridir. Xarici sözlərin əsassız istifadəsi əvəzinə ana dilimizin imkanlarından səmərəli istifadə edilməsinin vacibliyi dövlət başçısının çıxışlarında daim diqqət mərkəzində saxlanılır.

Qloballaşma şəraitində müxtəlif dillərin təsirinin artması Azərbaycan dili qarşısında da yeni çağırışlar yaradır. Buna baxmayaraq, dövlət tərəfindən həyata keçirilən ardıcıl siyasət nəticəsində ana dilimizin inkişafı üçün etibarlı hüquqi və institusional baza formalaşdırılmışdır. Təhsil müəssisələrində, elmi mərkəzlərdə, media orqanlarında və dövlət qurumlarında Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi milli maraqların qorunmasına xidmət edir.

Bu gün Azərbaycan dili xalqımızın müstəqilliyinin, milli həmrəyliyinin və dövlətçilik ənənələrinin mühüm rəmzidir. Ana dilini sevmək, onu düzgün öyrənmək, saflığını qorumaq və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Azərbaycan əlifbası və Azərbaycan dili günü də məhz bu müqəddəs missiyanı xatırladan, milli kimliyimizə və mənəvi dəyərlərimizə ehtiramın ifadəsi olan əlamətdar günlərdən biridir.

Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button