
Azərbaycan dili xalqımızın milli kimliyinin, mənəvi dəyərlərinin və dövlətçilik ənənələrinin əsas dayaqlarından biridir. Ana dilimizin qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə saf şəkildə çatdırılması müstəqil Azərbaycanın dövlət siyasətinin mühüm prioritetlərindən biridir. Dövlət dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, mədəniyyətini, milli yaddaşını və mənəvi irsini yaşadan ən mühüm amildir. Məhz buna görə də Azərbaycan dilinin inkişafı və tətbiq dairəsinin genişləndirilməsi dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət dil siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin hüquqi əsaslarının daha da möhkəmləndirilməsinə, ədəbi dil normalarının qorunmasına, dilimizin saflığının təmin edilməsinə və müasir dövrün çağırışlarına uyğun inkişafına mühüm töhfə verir.
Müasir informasiya cəmiyyətində və qloballaşma şəraitində Azərbaycan dilinin inkişafı xüsusi əhəmiyyət kəsb edir. Rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda dövlət tərəfindən ana dilimizin elektron informasiya məkanında istifadəsinin genişləndirilməsi, terminologiya bazasının zənginləşdirilməsi, elmi və texnoloji sahələrdə Azərbaycan dilinin imkanlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Eyni zamanda, kütləvi informasiya vasitələrində, təhsil müəssisələrində və dövlət qurumlarında ədəbi dil normalarına əməl olunması daim nəzarətdə saxlanılır.
Azərbaycan dilinin qorunması təkcə dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətidir. Ana dilinə sevgi və ehtiram hissinin uşaqlıqdan aşılanması, gənc nəslin ədəbi dil normaları əsasında tərbiyə olunması və dilimizin yad təsirlərdən qorunması milli-mənəvi dəyərlərimizin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və milli kimliyini də qorumuş olur.
Bu gün Azərbaycan dili dövlət idarəçiliyində, elm, təhsil, mədəniyyət, diplomatiya və beynəlxalq münasibətlər sistemində uğurla tətbiq olunur. Dövlətimizin artan beynəlxalq nüfuzu ilə yanaşı, Azərbaycan dilinin də dünyada tanıdılması və nüfuzunun yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. Bütün bunlar göstərir ki, ana dilimizin qorunması və inkişaf etdirilməsi Azərbaycanın milli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.
Dilimizin saflığını qorumaq, onun zəngin ifadə imkanlarını inkişaf etdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir azərbaycanlının həm vətəndaşlıq, həm də mənəvi borcudur. Azərbaycan dilinə göstərilən dövlət qayğısı və həyata keçirilən məqsədyönlü siyasət bu müqəddəs mənəvi sərvətimizin əbədi yaşamasına, milli kimliyimizin daha da möhkəmlənməsinə və dövlətçiliyimizin inkişafına xidmət edir.
Nəbi Sadıqov,
YAP Xətai Rayon Təşkilatının fəalı



