
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürurla qeyd etdiyi əlamətdar günlərdən biridir. Bu tarix dövlətimizin müstəqilliyinin, ərazi bütövlüyünün və təhlükəsizliyinin etibarlı təminatçısı olan ordumuza verilən yüksək dəyərin təzahürüdür.
Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda müasir ordu quruculuğunun möhkəm təməli qoyuldu. Onun rəhbərliyi ilə hərbi təhsil sisteminin inkişafı, peşəkar kadr hazırlığı və vahid komandanlıq prinsiplərinin tətbiqi ordu quruculuğunda yeni mərhələnin başlanğıcı oldu.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ordumuzun maddi-texniki bazası gücləndirilib, müasir silah və texnikalar alınaraq Silahlı Qüvvələrin döyüş qabiliyyəti daha da artırılıb.
Azərbaycan Ordusunun peşəkarlığı və yüksək döyüş hazırlığı 2020-ci ilin 44 günlük Vətən müharibəsində öz təsdiqini tapdı. Qəhrəman əsgər və zabitlərimiz böyük şücaət göstərərək tarixi Zəfər qazandılar və ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər.
2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyi tam təmin edildi. Bu uğur ordumuzun gücünü, çevikliyini və yüksək peşəkarlığını bir daha nümayiş etdirdi.
Azərbaycan xalqı ilə ordusu arasında mövcud olan sarsılmaz birlik qələbələrimizin əsasını təşkil edir. Xalqın öz ordusuna inamı, ordunun isə xalqın dəstəyini hiss etməsi milli həmrəyliyimizin ən parlaq nümunəsidir.
Güclü, müasir və peşəkar Azərbaycan Ordusu bundan sonra da dövlətimizin təhlükəsizliyini etibarlı şəkildə qoruyacaq, ölkəmizin inkişafına və xalqımızın rifahına xidmət edəcək. Ordumuzun qazandığı qələbələr hər bir azərbaycanlının qürur mənbəyidir.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



