
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın müasir tarixinin dönüş nöqtəsidir, xalqımızın, Azərbaycan dövlətçiliyinin sözün həqiqi mənasında xilası tarixidir. Bu tarixi yaradan, yazan isə milli, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevdir.
1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox mürəkkəb və ziddiyyətli proseslərlə üz-üzə qalmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal edilir, ölkə daxilində siyasi qarşıdurmalar dərinləşir, iqtisadi tənəzzül sürətlənir, dövlət idarəçiliyi isə iflic vəziyyətinə düşürdü. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan faktiki olaraq dövlətçiliyini itirmək təhlükəsi iləqarşı-qarşıya qalmışdı. 1993-cü ilin iyun hadisələri ölkədə böhranın kulminasiya nöqtəsinə çevrildi. Vətəndaş qarşıdurması və parçalanma təhlükəsi Azərbaycanın gələcəyini sual altına almışdı. Belə ağır və taleyüklü bir məqamda xalqımızın təkidli tələbi ilə Ümummilli Llider Heydər Əliyev Bakıya dəvət olundu. Azərbaycan xalqı öz xilaskarını seçdi və taleyini etibarlı əllərə tapşırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Məhz həmin gündən Azərbaycan dövlətçiliyinin xilasına, ictimai-siyasi sabitliyin təmin edilməsinə və milli birliyin möhkəmləndirilməsinə yönəlmiş ardıcıl siyasət həyata keçirilməyə başladı. Sonralar bu tarixi gün xalqımız tərəfindən Milli Qurtuluş Günü kimi qəbul edildi və dövlət bayramı statusu aldı.
1993-cü ilin 15 iyun tarixi Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətlərindən biri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Demək lazımdır ki, milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Səbinə İsgəndərli,
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı



