AnalitikaGündəmSosial

Tariximizin əlamətdar səhifəsi – Şuşa Bəyannaməsi 

Azərbaycan tarixində əlamətdar bir səhifə yazan 2021-ci il iyunun 15-i Şuşa Bəyannaməsinin imzalanmasından artıq 5 il keçir. Bu Bəyannamənin imzalanması məhz Azərbaycan xalqının Qurtuluş Günü-15 iyun tarixinə və həm də Qarabağ, Zəngəzur üçün vacib hesab olunan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf edirdi. Bu Bəyannamənin əhəmiyyəti hər ötən il daha da aydın şəkildə özünü göstərir.

Beş illik tarixi olan bu sənəd iki qardaş ölkənin münasibətlərini dostluqdan strateji müttəfiqlik mərhələsinə qədər inkişaf etdirdi. Bu sənədin həm siyasi, həm də tarixi əhəmiyyəti çox böyükdür. Çünki məhz bu sənəd regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Bu Bəyannamə həm iki ölkə arasında, həm regionda, həm də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verdi. Məhz bu gün Azərbaycan və Türkiyə həm regional, həm də beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyi daha da gücləndirən iki müttəfiq dövlət olaraq özlərini sübut edir.

Son illər ərzində eləcə də müdafiə və təhlükəsizlik sahələrində də əməkdaşlıq genişləndirilib. İki ölkəni birləşdirən nəqliyyat-kommunikasiya xətlərinin artması, eləcə də enerji və logistika layihələrinin inkişafı tarixi bəyannamənin reallığıdır. Media və diaspora sahəsində olan əməkdaşlığın da bu sənəddə özünəməxsus yeri var. Belə ki, tarixi həqiqətlərin, dünya ictimaiyyətinin diqqətinə çatdırılması, informasiya mübadiləsi türklərlə azərbaycanlıların ortaq maraqlarının qorunmasına istiqamət verir. Bu sənədin ən mühüm cəhətlərindən biri də təhlükəsizlik amili, regional sülh anlayışının dəyərləndirilməsidir.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə qardaşlığını bütün dünyaya tanıdan bir mesajdır. Bu sənəddə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafı ilə bağlı fikirlər öz əksini tapıb. Bu Bəyannamənin imzalanmasından ötən beş il ərzində iki ölkənin dövlət başçılarıın qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatının zirvə görüşləri, eləcə də digər beynəlxalq tədbirlərlə əlaqədar görüşlər onu göstərir ki, Azərbaycanla Türkiyə hər zaman həm çətin, həm xoş günlərdə birlikdə olur və bundan sonra da bir yerdə olacaq. Azərbaycan-Türkiyə müttəfiqliyi hər iki ölkənin regionda həm nüfuzunu artırır, həm də gələcək hədəflərə doğru olan gücünü göstərir.

Emilya Abdullayeva,
Ağstafa rayon Mərkəzi Kitabxana Sisteminin əməkdaşı

Oxşar Xəbərlər

Back to top button