
Azərbaycan və Türkiyə arasında münasibətlər dünya siyasi tarixində nadir nümunələrdən biri hesab olunur. Bu münasibətlər təkcə dövlət maraqlarına deyil, ortaq tarixə, dilə, mədəniyyətə, milli-mənəvi dəyərlərə və qardaşlıq bağlarına əsaslanır. Məhz bu amillər iki ölkə arasında formalaşmış əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsindən daha yüksək mərhələyə – müttəfiqlik səviyyəsinə yüksəltmişdir. Şuşa Bəyannaməsi bu münasibətlərin hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirərək Azərbaycan-Türkiyə birliyinin sarsılmaz xarakter daşıdığını bütün dünyaya nümayiş etdirmişdir.
Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olmuş, çətin və mürəkkəb dövrlərdə qarşılıqlı dəstək nümayiş etdirmişlər. Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra Türkiyə onu tanıyan ilk dövlətlərdən biri olmuş, beynəlxalq platformalarda daim ölkəmizin haqlı mövqeyini müdafiə etmişdir. Eyni zamanda Azərbaycan da Türkiyənin milli maraqlarını dəstəkləyən etibarlı tərəfdaş kimi çıxış etmişdir. Bu qarşılıqlı etimad və dəstək münasibətləri zaman keçdikcə daha da möhkəmlənmişdir.
44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi qətiyyətli siyasi və mənəvi dəstək qardaşlığın ən parlaq nümunələrindən biri kimi tarixə yazılmışdır. Türkiyə rəhbərliyinin və qardaş ölkə ictimaiyyətinin nümayiş etdirdiyi həmrəylik Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilmişdir. Bu dəstək iki ölkə arasında mövcud olan münasibətlərin sadəcə diplomatik əlaqələr deyil, əsl qardaşlıq və müttəfiqlik münasibətləri olduğunu bir daha sübut etmişdir.
Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə arasında əməkdaşlığın bütün istiqamətləri üzrə yeni perspektivlər müəyyənləşdirilmişdir. Müdafiə və təhlükəsizlik, enerji, nəqliyyat, iqtisadiyyat, təhsil, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi iki dövlətin ortaq maraqlarına xidmət edir. Sənəddə əks olunan müddəalar göstərir ki, tərəflər gələcəkdə də regional və beynəlxalq məsələlərdə birgə fəaliyyət göstərmək əzmindədirlər.
İki ölkə arasında sarsılmaz müttəfiqlik münasibətlərinin əsas dayaqlarından biri də liderlər arasında mövcud olan yüksək səviyyəli siyasi dialoqdur. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın qarşılıqlı etimada əsaslanan münasibətləri Azərbaycan-Türkiyə əməkdaşlığının daha da inkişafına mühüm töhfə verir. Dövlət başçılarının həyata keçirdikləri birgə təşəbbüslər regionun siyasi və iqtisadi mənzərəsinin dəyişməsində mühüm rol oynayır.
Bu gün Azərbaycan və Türkiyə regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçılarından biri kimi çıxış edir. İki qardaş dövlət arasında mövcud olan müttəfiqlik münasibətləri qarşılıqlı hörmətə, etimada və ortaq maraqlara əsaslanaraq davamlı şəkildə inkişaf edir. Şuşa Bəyannaməsi isə bu münasibətlərin ən yüksək siyasi ifadəsi olmaqla Azərbaycan-Türkiyə qardaşlığının gələcək nəsillərə ötürüləcək möhkəm təməl üzərində qurulduğunu təsdiqləyir.
Turanə Əmiraslanova,
YAP Xətai rayon təşkilatının fəalı



