
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
Prezident İlham Əliyevin müxtəlif beynəlxalq platformalarda və müsahibələrində Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı səsləndirdiyi fikirlər, adətən, Azərbaycanın milli maraqlarının müdafiəsi və bu qurumların ikili standartlarına qarşı kəskin tənqid üzərində qurulub. Prezidentin növbəti çıxışında da bu məsələlərə geniş yer verilib: “Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.”
İlham Əliyev Avropa Parlamentini tez-tez Azərbaycan əleyhinə qəbul edilən qətnamələrə görə tənqid edib. Prezident qeyd edib ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü məsələsində illərlə səssiz qaldığı halda, ölkəmiz öz torpaqlarını azad etdikdən sonra “humanitar narahatlıqlar” adı altında qərəzli sənədlər qəbul edir. Dövlət başçısı bu qurumu tez-tez Avropada artan islamofobiyanın mərkəzlərindən biri kimi xarakterizə edir: “Avropa Parlamentini sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir. Ən sonuncusu cəmi dörd gün əvvəl – bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.” Azərbaycan Prezidenti AP-nin bəzi üzvlərinin Azərbaycanın uğurlarını həzm edə bilməyən şovinist yanaşma nümayiş etdirdiyini bildirir.
İlham Əliyev AP-nin qəbul etdiyi qərarların arxasında güclü erməni lobbisinin və korrupsiyaya bulaşmış bəzi avropalı deputatların dayandığını vurğulayır. O, bu qurumun qərarlarını “kağız parçası” adlandıraraq, onların Azərbaycanın daxili işlərinə və ya regiondakı real vəziyyətə heç bir təsirinin olmadığını bəyan edir.
Avropa Şurası Parlament Assambleyası ilə münasibətlər, xüsusən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması cəhdindən sonra daha da gərginləşib. Prezident AŞPA-nı dialoq platformasından daha çox Azərbaycana hücum etmək üçün istifadə olunan bir alətə çevrilməkdə ittiham edir. Onun fikrincə, qurum öz nizamnamə məqsədlərindən uzaqlaşıb. İlham Əliyev açıq şəkildə bildirir ki, əgər AŞPA Azərbaycan nümayəndə heyətinə qarşı qərəzli və diskriminasiya xarakterli addımlar atmağa davam edərsə, Bakı bu qurumdakı iştirakını tamamilə dayandıra və hətta Avropa Şurasından çıxa bilər. AŞPA-nın hazırladığı monitorinq hesabatları çox vaxt subyektiv və siyasi sifarişli hesab olunur. İlham Əliyev bu qurumun Azərbaycanın rəyini nəzərə almadan qənaətə gəlməsini qeyri-etik və qeyri-peşəkar adlandırır.
İlham Əliyevin hər iki qurumla bağlı çıxışlarının mərkəzində dayanan əsas mesaj suverenlikdir. Azərbaycanla təzyiq və diktat dili ilə danışmaq mümkün deyil. Avropa strukturlarının rəyi Azərbaycanın milli təhlükəsizliyi və ərazi bütövlüyündən üstün ola bilməz. Azərbaycan bu qurumlarla yalnız bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı hörmət çərçivəsində əməkdaşlıq etməyə hazırdır.
Prezidentin videoformatda çıxışında bu məsələləri tez-tez vurğulaması, Azərbaycanın xarici siyasətində Avroatlantik strukturlarla münasibətlərdə daha çox “özünəinamlı və hücumçu” diplomatiyaya keçdiyini göstərir.
Heydər Rəhimov,
Nizami Bələdiyyəsinin sədr müavini, Qarabağ veteranı 


