AnalitikaGündəmSiyasət

15 aprel –Zərifə xanım Əliyevanın anım günüdür

Tarixdə elə şəxslər var ki, onların xalq qarşısındakı xidmətləri, fəaliyyətləri əvəzolunmaz, təkararsızdır. Məhz bu cür yüksək insani keyfiyyətləri özündə birləşdirən şəxslər qeyri-adi əməksevərliyi, təmənnasız xeyirxahlığı, fitri istedad, nadir bilik və qabiliyyətləri ilə yaddaşlara həkk olunurlar. Belə insanlardan biri də humanist insan, görkəmli ictimai xadim, akademik, Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan oftalmoloq-alim Zərifə xanım Əliyevadır.

Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Onun doğulduğu ailə – Azərbaycanın böyük səhiyyə təşkilatçısı və ictimai-siyasi xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsi – elmə və dövlətə xidmət ənənələrini yaşadan, yüksək mənəvi dəyərlərlə zəngin bir mühit olmuşdur. Ailənin kökləri əzəli torpağımız olan İrəvan mahalına bağlıdır. Əziz Əliyevin İrəvanda təqibə məruz qalması, ailəsini qorumaq məqsədilə Şahtaxtıya köçməsi və sonradan Bakıya gəlməsi bu ailənin keçdiyi çətin, lakin şərəfli yolun başlanğıcı olmuşdur.

Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirdikdən sonra, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə təhsilini əla qiymətlərlə başa vurmuşdur. Elə həmin dövrdə Azərbaycanın səhiyyəsi qarşısında duran əsas problemlərdən biri geniş yayılan traxoma xəstəliyi idi. Bu xəstəliyin müalicəsi və qarşısının alınması məqsədilə görülən tədbirlərə Zərifə xanım fəal şəkildə qoşulmuş, yalnız klinik müalicə ilə kifayətlənməyərək bölgələrə səfərlər etmiş, əhali və tibb işçiləri arasında maarifləndirici işlər aparmışdır.

Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir.

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi idi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında daha çox duyulurdu. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu şərəfli ailə ənənəsini yüksək səviyyədə davam etdirirlər.

Tağı İmamverdiyev,
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button