
Azərbaycan tibb elminin görkəmli nümayəndələrindən biri olan Zərifə Əliyeva həm elmi fəaliyyəti, həm də yüksək mənəvi keyfiyyətləri ilə yadda qalmış şəxsiyyətlərdəndir. O, xüsusilə oftalmologiya sahəsində apardığı fundamental tədqiqatlarla Azərbaycan tibb elminə mühüm töhfələr vermişdir. O, tibb elminə gətirdiyi yeniliklərlə yanaşı, həm də insanlara olan sonsuz sevgisi, yüksək mənəviyyatı və peşəsinə olan sədaqəti ilə seçilmişdir.
Zərifə Əliyeva uzun illər ərzində göz xəstəliklərinin, xüsusilə peşə ilə əlaqədar yaranan görmə problemlərinin öyrənilməsi ilə məşğul olmuşdur. Onun tədqiqatları əsasən kimya sənayesində çalışan işçilərdə rast gəlinən göz patologiyalarının profilaktikası və müalicəsinə yönəlmişdir. Bu sahədə əldə etdiyi nəticələr yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir.
Zərifə Əliyeva yüzlərlə elmi məqalə və monoqrafiyanın müəllifi olmuş, oftalmologiyanın aktual problemlərinə dair mühüm elmi nəticələr irəli sürmüşdür. Onun elmi irsi bu gün də həkimlər və tədqiqatçılar üçün dəyərli mənbədir. Zərifə Əliyeva yalnız alim kimi deyil, həm də fəal ictimai xadim kimi tanınmışdır. O, səhiyyənin inkişafı, əhalinin tibbi maarifləndirilməsi və gənc kadrların yetişdirilməsi istiqamətində mühüm işlər görmüşdür.
Zərifə Əliyeva tibb elmləri doktoru elmi dərəcəsini almaq üçün müdafiə etdiyi dissertasiyada peşə fəaliyyətinin görmə orqanına təsiri məsələsini dərindən araşdırmışdır. Onun doktorluq işi sənaye müəssisələrində çalışan insanların göz sağlamlığının qorunması, erkən diaqnostika və effektiv müalicə üsullarının hazırlanmasına həsr olunmuşdur. Bu gün Azərbaycan səhiyyəsinin oftalmologiya sahəsində inkişafının təməlində məhz Zərifə Əliyeva kimi görkəmli alimlərim qoyduğu möhkəm elmi baza dayanır.
Zərifə Əliyevanın həyat və fəaliyyəti Azərbaycan elmi və səhiyyə tarixində xüsusi yer tutur. Onun zəngin elmi irsi, insanpərvərliyi və ictimai fəaliyyəti bu gün də nümunə olaraq qalır. O, yalnız görkəmli alim deyil, həm də böyük ürək sahibi olan bir insan kimi xalqın yaddaşında yaşayır. Onun təşəbbüsü ilə bir çox tibbi tədbirlər, konfranslar və maarifləndirici layihələr həyata keçirilmişdir. Zərifə Əliyeva insanlara qayğı və diqqəti ilə seçilir, xüsusilə aztəminatlı və ehtiyacı olan şəxslərə dəstək göstərirdi.
Yalçın İsmayılov,
YAP Ağstafa rayon təşkilatının sədr müavini



