AnalitikaGündəmSiyasət

Prezident İlham Əliyevin Gürcüstan səfəri iki ölkə arasında tərəfdaşlığın möhkələnməsinə və inkişafına töhfə verəcəkdir

Prezident İlham Əliyevin 2026-cı il aprelin 6-da Gürcüstana rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanat Azərbaycan–Gürcüstan münasibətlərinin strateji xarakterini və çoxşaxəli əməkdaşlığın yüksək səviyyəsini aydın şəkildə ifadə etmişdir.

Dövlət başçısı bəyanatında Azərbaycan ilə Gürcüstan arasında əlaqələrin tarixi dostluq, qarşılıqlı hörmət və etimada əsaslandığını vurğulamış, bu münasibətlərin bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd etmişdir. Bildirilmişdir ki, iki ölkə arasında siyasi dialoq müntəzəm xarakter daşıyır və yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, Gürcüstanda çox müsbət sərmayə iqlimi var, məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycanlı investorlar Gürcüstana maraq göstərirlər. Prezident iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini diqqətə çatdırmışdır. Xüsusilə enerji sektorunda həyata keçirilən birgə layihələrin regional və beynəlxalq əhəmiyyəti vurğulanmışdır. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələrinin uğurla icrası Azərbaycan və Gürcüstanın qlobal enerji təhlükəsizliyinə töhfəsini əhəmiyyətli dərəcədə artırmışdır. Qeyd olunmuşdur ki, Gürcüstan bu layihələrdə etibarlı tranzit ölkə kimi mühüm rol oynayır. Bəyanatda nəqliyyat və logistikasahəsində əməkdaşlıq məsələlərinə də geniş yerverilmişdir. Prezident İlham Əliyev Orta Dəhlizin inkişafının, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin regionun tranzit potensialının artırılmasında xüsusi rol oynadığını qeyd etmişdir. Bu layihələrin Avropa ilə Asiya arasında əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına və iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm təsir göstərdiyi vurğulanmışdır.

Dövlət başçısı həmçinin regional təhlükəsizlik məsələlərinə toxunaraq Cənubi Qafqazda sabitliyin və davamlı sülhün təmin olunmasının vacibliyini qeyd etmişdir. Azərbaycanın regionda sülh gündəliyini irəli sürdüyü və bu istiqamətdə səylərini davam etdirdiyi diqqətə çatdırılmışdır. Sonda Prezident İlham Əliyev Azərbaycan–Gürcüstan münasibətlərinin perspektivlərinə toxunaraq qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir. Qeyd edilmişdir ki, iki ölkə arasında strateji tərəfdaşlıq regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Elvin Ehtiramlı
Neft Kəmərləri İdarəsinin əməkdaşı YAP Xətai rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button