AnalitikaGündəmSiyasət

Ölkələrimiz arasında formalaşmış əməkdaşlıq

Cənab Prezident İlham Əliyevin aprelin 6-da Gürcüstana dövlət səfəri həm iki ölkə arasında münasibətlərin inkişafı baxımından, həm də bütövlükdə regional inkişaf dinamikası və əməkdaşlıq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir. Dövlət başçımızın verdiyi açıqlamalar da mühüm siyasi mesajları özündə ehtiva edir.

Dövlət başçısının bu səfəri iki ölkənin münasibətlərinin dünəninin, bu gününün fonunda gələcəyi barədə aydın təsəvvür yaratdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tbilisidə Qəhrəmanlar Memorialını, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Liderin abidəsini ziyarət etdilər. Prezident İlham Əliyevin səfər çərçivəsində Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü oldu. Söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi.

Ölkələrimiz arasında əlaqələrin inkişafında iqtisadi amil, xüsusilə enerji sektoru əhəmiyyətli rol oynayır. Hər zaman əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsini təmin etmək üçün səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə verdiyi önəm bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Belə ki, regional çərçivədə qurulan əməkdaşlığın əsası olan Bakı-Tbilisi-Ceyhan neft (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz layihələrinin reallığa çevrilməsi ilə həm iştirakçı, həm də digər ölkələrin dayanıqlı inkişafının təmin edilməsi üçün geniş imkanlar yarandı. Çoxlarına əfsanə kimi görünən bu layihələr Azərbaycan, Türkiyə və Gürcüstan arasında əlaqələri, birliyi daha da möhkəmləndirdi.

Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Əhəmiyyətinə görə BTC və BTƏ neft-qaz layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu bu birliyi daha da möhkəmləndirdi.

İki ölkə arasında münasibətlərə nəzər salarkən humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-da Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlı ziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə Fətəli Axundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli Lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərir. Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə Mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycanın maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Tbilisidə Gürcüstan Milli Muzeyində də olub.

Səfər çərçivəsində dövlətimizin başçısı bu reallığı da xüsusi qeyd etdi ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir.

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Oxşar Xəbərlər

Back to top button